Səhiyyə Nazirliyi: ÜST bu qış mövsümində A/H1N1 virusunun törətdiyi xəstəliyi sadəcə mövsümi qrip kimi qiymətləndirir

Səhiyyə Nazirliyi: ÜST bu qış mövsümində A/H1N1 virusunun törətdiyi xəstəliyi sadəcə mövsümi qrip kimi qiymətləndirir
# 28 fevral 2013 15:22 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. “Bu il bütün dünyada A/H1N1 virusundan öldüyü iddia olunanlar hamısı mövsümi qripdən ölənlərdir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da bu il qış mövsümində dövr edən A/H1N1 virusunun törətdiyi xəstəliyi sadəcə mövsümi qrip kimi qiymətləndirilir”. Bu açıqlamanı APA-ya Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov verib.

O bildirib ki, mövsümi qrip xəstəliyi də digər bütün xəstəliklər kimi vaxtında müalicə olunmasa, ölümlə nəticələnə bilər. V. Qasımovun sözlərinə görə, A və ya B ştamplı virusların hamısı müalicə olunmalıdır: “A/H1N1 virusu bundan öncə “Donuz qripi” kimi qiymətləndirilirdi və 2009-cu ildə pandemiya ilə nəticələndi. Bu il qeyd olunan A/H1N1 ştammlı virus isə mövsümi qrip kimi qeyd olunur”.

Son zamanlarda Azərbaycanda kifayət qədər mövsümi qripin yayılmasının gələcəkdə hansı ciddi fəsadlar yarada biləcəyinə gəlincə, V.Qasımov qeyd edib ki, hər il qış aylarında xəstəlikdə müəyyən qədər artım olur. Bunun da mövsümi artım olduğunu deyən sektor müdiri vurğulayıb ki, Azərbaycanda xəstələnmə səviyyəsi epidemioloji həddən bir neçə dəfə aşağıdır: “Bu gün Azərbaycanda heç bir narahatçılığa səbəb yoxdur. Ölkədəki insanlar arasında qeydə alınan bu xəstəlik əsasən B tipli qripdir”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli də APA-ya açıqlamasında deyib ki, ÜST-nin mənbələrinə görə, bu il dünyada “Quş qripi” və ya “Donuz qripi” mövcud olmayıb. Onun sözlərinə görə, yayılan sadəcə mövsümi qripdir: “Əgər belə bir hal Azərbaycanda aşkarlanarsa, ölkə səhiyyəsi həm texniki, həm də profilaktik tədbirlər baxımından bunun qarşısını almağa hazırdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR