“YapıKredi Bank Azerbaijan” I rübdə aktivlərini 26% artırıb

“YapıKredi Bank Azerbaijan” I rübdə aktivlərini 26% artırıb
# 01 iyun 2015 13:12 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “YapıKredi Bank Azerbaijan”ın aktivlərinin həcmi 2015-ci ilin I rübündə 404,471 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 26,12% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 14,59% artaraq 272,036 mln. manat olub. O cümlədən, istehlak kreditlərinin həcmi 92,781 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin aprel ayının 1-ə olan göstəriciyə nisbətən 6,78% çoxdur. Hesabat dövründə avtomobil kreditlərinin həcmi isə 44% azalaraq 11,585 mln. manat təşkil edib. Bununla yanaşı, bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 4,5 dəfə artaraq 33,415 mln. manat olub.

Bankın depozit portfeli 2015-ci ilin yanvar-mart ayları ərzində 38,62% artaraq 174,410 mln. manata çatıb. Əhalinin əmanətlərinin həcmi isə 30,633 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 33,6% çoxdur.

Bir il ərzində bankın məcmu kapitalı 3,46% artaraq 69 mln. 890 min manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 46 mln. 810,7 min manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 22,5% artaraq 18,803 mln. manat, xərcləri isə 57,15% artaraq 18 mln. 982,21 min manat təşkil edib.

Cari ilin ilk üç ayını bank 179,10 min manat zərərlə başa vurub.

Hazırda bankın ölkə üzrə 15 filialı, 27 bankomatı, 3 024 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR