Jurnalist Elmar Hüseynovun qətlinin ildönümü ilə bağlı tədbir keçirilib

Jurnalist Elmar Hüseynovun qətlinin ildönümü ilə bağlı tədbir keçirilib
# 01 mart 2013 12:48 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda (RATİ) “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin 8-ci ildönümü ilə bağlı tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə jurnalist Elmar Hüseynovun qətlinin araşdırılmaması, mediaya olan təzyiqlər, seçki ilində medianın vəziyyəti ilə bağlı müzakirələr aparılıb.

“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev bildirib ki, Azərbaycanda mətbuat sahəsində problemlər mövcuddur. Onun sözlərinə görə, “Yeni Müsavat və “Azadlıq” qəzeti ilə bağlı baş verənlər bu sahədəki vəziyyətdən xəbər verir.

“Azadlıq” qəzetinin baş redaktor müavini Rahim Hacıyev isə son günlər qəzetə qarşı çıxarılan məhkəmə qərarlarından danışaraq bunları təzyiq kimi qiymətləndirib.

Ekspert Qulu Məhərrəmli deyib ki, son vaxtlar Azərbaycanda mətbuat azadlığı sahəsində geriləmə başlayıb: “Cəmiyyətə obyektiv informasiyalar lazımdır. İfadə azadlığı ilə bağlı qrupun yaradılmasını da təqdirəlayiq hal hesab edirəm. Bu qrup mətbuatdakı problemlərlə bağlı beynəlxalq təşkilatlarla müzakirələr aparmalıdır”.

Ekspert Ələsgər Məmmədli isə 2005-ci ilin martında qətlə yetirilən jurnalist Elmar Hüseynovun ölümündən danışaraq, 8 il keçməsinə baxmayaraq, hələ də qətlin araşdırılması istiqamətində heç bir ciddi addım atılmadığını bildirib: “Həmin dövrdə bu qətl gözlənilməz idi. Düşünürəm ki, jurnalistlər onlara qarşı təzyiqlərlə bağlı həmrəylik nümayiş etdirməlidirlər”.

Sonda mövzu ilə bağlı yerli və beynəlxalq ictimaiyyətə bəyanat yayılması qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR