Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Lənkəranda regional konfrans keçirir - FOTO

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Lənkəranda regional konfrans keçirir - <span style="color: red;">FOTO
# 25 noyabr 2014 14:51 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Noyabrın 25-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda ikigünlük regional konfrans işə başlayıb.

APA-nın cənub bürosunun məlumatına görə, DQİDK, Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH), hüquq mühafizə orqanları rəhbərlərinin, Milli Məclis deputatlarının, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) və ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirin keçirilməsində əsas məqsəd dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunmasından ibarət olub.

Cənub bölgəsinin Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında fəaliyyət göstərən dini icma sədrləri, axundlar, eləcə də fəal dindar və ilahiyyatçılar üçün Konfransı giriş sözü ilə açan Lənkəran ŞİH-in başçısı Taleh Qaraşov son vaxtlar DQİDK-nin təşəbbüsü ilə regionlarda bu yönümdə keçirilən tədbirləri yüksək dəyərləndirib.

Daha sonra DQİDK sədri Mübariz Qurbanlı müzakirəyə çıxarılan mövzu ilə bağlı geniş məruzə edib. Natiq çıxışında Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışın sürətləndiyini, hazırkı dövrdə ölkəmizdə dinlərarası münasibətlərin yüksək səviyyədə qurulduğunu, hər bir vətəndaşın dini etiqad azadlığına məxsus olduğunu xüsusi qeyd edib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatları Hadı Rəcəbli, Cavanşir Paşazadə, Hüseynbala Mirələmov, QMİ-nin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Qəni Axundzadə və digərləri ölkədə dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyindən söz açıblar.

Çıxışlardan sonra konfrans öz işini birinci plenar iclasla davam etdirib.

Regional konfransın birinci günü DQİDK sədrinin birinci müavini Səyyad Salahlı “Tarixilik və müasirlik baxımından milli-mənəvi dəyərlərimiz”, Bakı Dövlət Universitetinin tarix fakültəsinin müəllimi Saleh Kazımov “Milli dövlətçiliyimizin möhkəmləndirilməsində milli-mənəvi dəyərlərimizin rolu”, DQİDK-nin dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhlil şöbəsinin müdiri Nahid Məmmədov “Milli adət-ənənələrimiz və müasir çağırışlar”, QMİ-nin cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov “İslamda vətən və dövlət sevgisi” mövzusunda məruzə ilə çıxış ediblər.

Qeyd edək ki, konfrans öz işini noyabrın 26-da davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR