Xocalı qurbanları Vaşinqtonda anılıb - FOTOSESSİYA

Xocalı qurbanları Vaşinqtonda anılıb - <span style="color: red;">FOTOSESSİYA
# 27 fevral 2013 07:26 (UTC +04:00)

Bakı – APA. Fevralın 26-da Xocalı qətliamının 21-ci ildönümü Vaşinqtonda təşkil olunan xüsusi mərasimdə anılıb. Mərasim Azərbaycan səfirliyi və ABŞ Azərbaycanlıları Şəbəkəsi tərəfindən Vaşinqton şəhərində fəaliyyət göstərən Höte adına Alman Mədəniyyət Mərkəzində keçirilib. Səfirlikdən APA-ya verilən məlumata görə, tədbirə diplomatik korpus, dövlət qurumları, təhsil ocaqları, araşdırma mərkəzləri və yerli ictimaiyyət nümayəndələri, eləcə də Azərbaycan, Türkiyə, yəhudi və digər icmaların təmsilçiləri qatılıb.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, ABŞ Konqresinin İllinoys ştatından seçilmiş üzvü Rendi Haltqren (Randy Hultgren), ABŞ Azərbaycanlıları Şəbəkəsinin həmtəsisçisi Adil Bağırov və Vaşinqtonda fəaliyyət göstərən “Qarabağ Fondu”nun icraçı direktoru Diana Altman tədbirdə çıxış ediblər. E. Süleymanov 1992-ci ilin şaxtalı fevral günlərində Xocalıda yaşayan azərbaycanlıların düçar olduğu qətliam və erməni işğalçılarının zülmündən danışıb. O, Dağlıq Qarabağ münaqişəsinin tezliklə ədalətli şəkildə həll edilməsinin vacibliyini vurğulayıb.

Konqresmen R. Haltqren Azərbaycanın bir dostu olaraq Xocalıda faciəvi şəkildə həyatlarını itirmiş insanların xatirəsini yad etmək üçün mərasimə qatıldığını bildirərək öz tərəfindən bir müttəfiq kimi ABŞ-ın Azərbaycanın inkişafı və rifahına verdiyi dəstəyin artırılması üçün səylərini davam etdirəcəyini söyləyib.

A. Bağırov erməni hərbi qüvvələrinin Xocalıda törətdikləri qanlı hadisələrin bir qətliam kimi qiymətləndirilməsi barədə ştatlar tərəfindən qəbul edilən qətnamələr və Ağ Evin internet səhifəsində Xocalı faciəsi ilə bağlı həyata keçirilmiş uğurlu Petisiya kampaniyasının daşıdığı əhəmiyyət haqqında fikirlərini bölüşüb.

D. Altman tədbir iştirakçılarını Xocalı faciəsinin tarixçəsi, o cümlədən şəhərin coğrafi mövqeyi, Azərbaycan üçün malik olduğu tarixi və mənəvi dəyəri, yerli əhalinin faciəyədək yaşadığı ağır günlər barədə məlumatlandırıb.

Çıxışların sonunda Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İştirakçılar Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilən Xocalı faciəsinə dair foto-sərgi və “Qarabağ Fondu”nun təqdim etdiyi, azərbaycanlı rəssam Nərminə Vəliyevanın Xocalıya dair əsərləri ilə tanış olublar.

Mərasim amerikalı musiqiçilər Şele Falk və Sindi Rozenberqin skripka və kontrabasda ifa etdikləri qəmgin musiqi sədaları altında Xocalı qurbanlarının adları toplantı zalındakı böyük ekranda bir-bir xatırladılmaqla başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR