Bilik Fondunda I Avropa Oyunlarında fəal iştirak edən könüllülərlə görüş keçirilib

Bilik Fondunda I Avropa Oyunlarında fəal iştirak edən könüllülərlə görüş keçirilib
# 01 iyul 2015 14:10 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Bilik Fondunda I Avropa Oyunlarında fəal iştirak edən könüllülərlə görüş keçirilib. APA-nın məlumatına görə, görüşdə fondun əməkdaşları, Könüllülər Birliyinin üzvləri iştirak ediblər.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Avropa Oyunlarının əsl idman bayramına çevrilməsi ilə yanaşı, Azərbaycan mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının, ümumilikdə isə azərbaycançılığın təbliğində önəmli rol oynadığını deyib.

İcraçı direktor Avropa Oyunlarını böyük tarixi hadisə kimi dəyərləndirən prezident İlham Əliyevin könüllülərin bu tədbirlərdə fəal iştirakını yüksək qiymətləndirdiyini xatırladıb: “Prezident İlham Əliyev siz gənclərin bizim üçün qürur mənbəyi olduğunuzu, gecə-gündüz peşəkarlıqla, böyük mədəniyyət göstərərək Azərbaycan xalqına xas qonaqpərvərliyi nümayiş etdirərək çalışdığınızı deyib. Doğrudan da könüllülər Avropa Oyunlarının davam etdiyi 17 gün ərzində ölkəmizin nə qədər böyük potensiala və gücə malik olduğunu göstərdilər”.

Mərasimin təşkilinə əksəriyyəti azərbaycanlılardan ibarət 1600-dan çox könüllünün qatıldığını xatırladan O.Səmədov Bilik Fondunun könüllülərinin idman bayramında yaxından iştirakının qürurverici olduğunu dilə gətirib.

Görüşdə könüllülər Avropa Oyunlarına hazırlıq məşqlərindən və fəaliyyətlərindən, gördükləri işlərdən danışıblar, xatirələrini bölüşüblər.

Sonda Bilik Fondunun Könüllülər Birliyinin Avropa Oyunlarına qatılan fəal üzvlərinə Təşəkkürnamələr və hədiyyələr təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR