Azərbaycanda alış-veriş edən əcnəbilər ƏDV-dən azad olunur

Azərbaycanda alış-veriş edən əcnəbilər ƏDV-dən azad olunur
# 23 iyun 2016 12:43 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda qeyri-kommersiya məqsədi ilə mal alan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ödədikləri əlavə dəyər vergisi (ƏDV) ölkəni tərk etdikləri zaman onlara geri qaytarılacaq.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilir.

Məcəllənin 165.1.3-cü maddəsinə edilən dəyişikliyə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikası ərazisində əlavə dəyər vergisinin qaytarılması qaydasında satıcı kimi qeydiyyata alınmış vergi ödəyicilərindən əldə edilmiş istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ixracından ƏDV sıfır (0) dərəcəsi ilə tutulacaq.

Məcəlləyə əlavə edilən 165.3-cü maddəyə görə isə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş ƏDV-nin qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Layihə Milli Məclisin sabah keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR