Sahibkarlıq fəaliyyətində yoxlamaların dayandırılması ilə bağlı qanun layihəsində əksini tapan məsələlər məlum olub

Sahibkarlıq fəaliyyətində yoxlamaların dayandırılması ilə bağlı qanun layihəsində əksini tapan məsələlər məlum olub
# 19 oktyabr 2015 15:09 (UTC +04:00)

Milli Məclisdən APA-ya verilən məlumata görə, “Sahibkarlıq fəaliyyətində yoxlamaların dayandırılması haqqında” adlı qanun layihəsi 4 maddədən ibarətdir.

Layihənin 1-ci maddəsində bildirilir ki, yoxlamaların dayandırılması noyabrın 1-dən hesablanmaq şərti ilə 2 il müddətinə nəzərdə tutulub.

Qanun layihəsinin 2-ci maddəsinin (Qanunun tətbiqi dairəsi) 1-ci hissəsində deyilir ki, “Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır”.

Maddənin 2-ci hissəsində deyilir ki, “Bu qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən aparılan yoxlamalara şamil edilmir”.

Maddənin 3-cü hissəsində bildirilir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi ilə bağlı digər məsələlər bu qanunun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların müddəaları nəzərə alınmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunla tənzimlənir”.

Qanun layihəsinin 3-cü maddəsində (Qanunun tələbləri pozulmaqla aparılan yoxlamaların nəticələri) 1-ci hissədə göstərilir ki, “Bu qanun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların tələblərinin pozulması ilə aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur”.

Maddənin 2-ci hissəsində isə “Sahibkar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, habelə inzibati və məhkəmə qaydasında şikayət verə bilər” deyə qeyd olunur.

Qanun layihəsi 2015-ci il noyabrın 1-dən etibarən qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR