«Joint Leasing» şirkətinin lizinq portfeli 35,3 mln. manatı ötüb

«Joint Leasing» şirkətinin lizinq portfeli 35,3 mln. manatı ötüb
# 30 yanvar 2013 15:12 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. «Joint Leasing» şirkətinin lizinq portfeli 2013-cü il yanvarın 1-nə 35,312 mln. manat təşkil edib. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, şirkətin maliyyələşdirdiyi lizinq müqavilələrinin ümumi sayı 520-ə çatıb.

Hesabat ilində «Joint Leasing» şirkəti lizinqalanlar üçün lizinq şərtlərini daha da cəlbedici etmək məqsədi ilə faiz dərəcəsini endirib. Yeni şərtlərə əsasən, ilkin ödənişi 30%-dən çox olan müştərilər üçün lizinq üzrə faiz dərəcələri illik 17%-dən başlayaraq müəyyənləşir.

«Joint Leasing» şirkəti lizinq portfelini iqtisadiyyatın sektorları üzrə diversifikasiya edib. Belə ki, şirkət tərəfindən nəqliyyat, yüngül sənaye, tikinti, yeyinti məhsullarının istehsalı, səhiyyə, xidmət və ticarət, bank sektoru və kənd təsərrüfatı sahələrinə vəsaitlər yatırılıb. Lizinq portfelinin 40%-i tikinti sektoru, 33%-i nəqliyyat, 20%-i istehsal və 7%-i digər sahələrin payına düşüb.

Qeyd edək ki, «Joint Leasing» şirkəti 2007-ci il iyunun 14-dən etibarən «Azərlizinq» şirkətinin hüquqi varisi kimi fəaliyyət göstərməyə başlayıb. Şirkətin təsisçiləri Böyük Britaniyanın «DH Leasing Ltd.» şirkəti (52,4%) və Azərbaycan Beynəlxalq Bankıdır (47,6%).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR