Avropa Məhkəməsində AXCP sədrinin şikayəti əsasında kommunikasiyaya start verilib

Avropa Məhkəməsində AXCP sədrinin şikayəti əsasında kommunikasiyaya start verilib
# 08 fevral 2013 15:44 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. AXCP sədri Əli Kərimlinin ona ümumvətəndaş pasportunun verilməsindən imtina ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) ünvanladığı şikayət üzrə kommunikasiyaya start verilib. Bu barədə APA-ya Ə. Kərimlinin hüquqlarını Strasburq Məhkəməsində müdafiə edən vəkil İntiqam Əliyev məlumat verib.

Xatırladaq ki, Ə. Kərimli barəsində 1994-cü ilin sentyabr ayında müxalifətin keçirdiyi toplantılardan birində üstündə odlu silah tapıldığına görə o zaman qüvvədə olan Cinayət Məcəlləsinin 220-ci maddəsi (qanunsuz silah saxlamaya görə) cinayət işi başlanıb və həbs olunub. Bir müddət sonra həbsdən azad edilib və barəsindəki cinayət işi üzrə icraat 1995-ci ilin dekabrında dayandırılıb.

2001-ci ilin iyun ayında aldığı ümumvətəndaş pasportunun etibarlılıq müddəti bitdiyi üçün 2006-cı ilin iyununda yeni pasport almaq məqsədilə Daxili İşlər Nazirliyinin (DİN) Pasport Qeydiyyat İdarəsinə (PQİ) müraciət edib. Lakin həmin qurum 2006-cı ilin iyulunda qeyri-rəsmi şəkildə ona yeni pasport verməkdən imtina edib. İmtina onunla əsaslandırılıb ki, onun haqqında cinayət işi başlanıb, lakin həmin işin nəticəsi barədə DİN-in mərkəzi məlumat və statistika idarəsinə məlumat daxil olmayıb. Ona görə də, PQİ tərəfindən həmin cinayət işinin nəticəsi barədə Ə. Kərimlidən arayış tələb edilib.

Bakı Şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciətdən sonra məlum olub ki, onun haqqında başlanmış cinayət işi 1994-cü ildə Nəsimi Rayon Prokurorluğu tərəfindən Baş Polis İdarəsindən götürülüb və 21 dekabr 1995-ci ildə icraatı dayandırılıb. Ə. Kərimlinin həmin qərarın ləğv edilməsi barədə Baş Prokurora və Bakı Şəhər Prokurorluğuna müraciətləri nəticə verməyib. Ə. Kərimli bununla bağlı AİHM müraciət edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR