Xocalı qətliamı ABŞ-ın Ohayo ştatında anılıb

Xocalı qətliamı ABŞ-ın Ohayo ştatında anılıb
# 01 mart 2013 02:09 (UTC +04:00)

Bakı-APA. Fevralın 27-də Xocalı qətliamının 21-ci ildönümü ABŞ-ın Ohayo ştatının Dayton şəhərində keçirilmiş xüsusi mərasimdə anılıb. Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən xəbərə görə, mərasim Azərbaycan Respublikası səfirliyi və Dayton şəhərində fəaliyyət göstərən Ahıska Türklərinin Amerika Mərkəzi tərəfindən təşkil edilib. Anım gününün qeyd edilməsi üçün tədbirdə ştat və yerli hökumət nümayəndələri, eləcə də Dayton şəhərində yerləşən ictimai qurum və təhsil müəssisələrinin (şəhər administrasiyasının, universitetlərin, QHT-lərin, dini qurumların, yerli sahibkar şirkətlərinin və s.), o cümlədən Ohayo ştatında yaşayan Ahıska türklərinin diaspor nümayəndələri iştirak edib.

Tədbiri açılış nitqi ilə Ahıska Türklərinin Amerika Mərkəzinin prezidenti İslom Şahbəndərov açaraq, Xocalı soyqırımının anılmasının və bu faciə barəsində həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının vacibliyini vurğulayıb.

Daha sonra, səfirliyin əməkdaşları Natiq Baxışov və Emil Səfərov tərəfindən Xocalı soyqırımı, bu qanlı faciəni törətmiş şəxslər, Xocalı soyqırımının qurbanları barədə tədbir iştirakçılarına geniş məlumat verib. Səfirlik tərəfindən təqdimatlar, habelə qanlı hadisələri əks etdirən video nümayiş etdirilib.

Tədbirdə iştirak edən Dayton şəhərinin rəhbərliyinin üzvləri Xocalı soyqırımı barəsində məlumatlardan çox təsirləndiklərini bildirib, bu qanlı hadisələr barədə yerli əhalinin maarifləndirilməsi istiqamətində fəaliyyətlərini əsirgəməyəcəklərini qeyd ediblər.

Mərasimin sonunda Xocalı faciəsi zamanı qətlə yetirilmiş insanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR