Gülhanə Hərbi Tibb Akademiyasına Azərbaycandan tələbə qəbulu başlayıb

Gülhanə Hərbi Tibb Akademiyasına Azərbaycandan tələbə qəbulu başlayıb
# 16 iyul 2014 06:54 (UTC +04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, müsabiqədə 2014-cü ildə mülki ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 600-dən yüksək bal toplamış, 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər.

Müsabiqə əsasında 9 nəfərin siyahısı müəyyənləşdirilərək seçim üçün Azərbaycan Daxili Qoşunlarına göndəriləcək. Daxili Qoşunların Baş İdarəsində aparılacaq müsahibənin nəticələri bəlli olduqdan sonra ən uğurlu göstərici əldə etmiş 3 namizəd Gülhanə Hərbi Tibb Akademiyasına təhsil almağa göndəriləcək.

Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsində təhsil müddəti 6 ildir. Kursantlar təhsil müddətində tam dövlət təminatındadırlar.

I kursda kursantlar hərbi and içir və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları sırasına daxil edilirlər. Fakültədən xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Gülhanə Hərbi Tibb Akademiyasını müvəffəqiyyətlə bitirmiş şəxslər Azərbaycan DİN-in Daxili Qoşunlarında müvafiq vəzifələrə təyin olunacaq və yaşayış yeri ilə təmin olunacaqlar.

Müsabiqədə iştirak etmək istəyənlər iyulun 16-dan 24-dək (şənbə və bazar günləri istisna olmaqla) TQDK-ya müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR