AMEA Rəyasət Heyət və FHN-in Mülki Müdafiə Qoşunlarının birgə seminar-məşğələsi keçirilib

AMEA Rəyasət Heyət və FHN-in Mülki Müdafiə Qoşunlarının birgə seminar-məşğələsi keçirilib
# 03 iyun 2015 13:27 (UTC +04:00)

Mərkəzi Elmi Kitabxananın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbirdə II Xüsusi şöbə, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə (MM) Qoşunları qərargah rəisləri, sanitar qrup üzvləri iştirak ediblər.

II Xüsusi şöbənin rəisi Eldar Quliyev AMEA-nın elmi müəssisə və təşkilatlarının MM qərargah rəislərinin ölkə üçün vacib olan məsələlərlə mütəmadi məlumatlandırıldığını və sərəncamlardan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb. Tədbirin keçirilməsinin əhəmiyyətindən danışan şöbə rəisi bildirib ki, əsas məqsəd əməkdaşları maarifləndirmək, baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyyə olunmasının öyrədilməsidir.

MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova fövqəladə hallar zamanı davranış qaydalarının öyrənilməsi və praktiki məşğələlər zamanı təhlükəsizlik qaydalarına ciddi əməl olunması baxımından bu cür tədbirlərin keçirilməsinin önəmliyini vurğulayıb. MEK-in yeni binasına AMEA-nın Əsas binasında yerləşən köhnə kitabxanadan kitabların köçürülmə prosesinin artıq başa çatdırıldığını söyləyən L.İmanova köçürülmüş 1 mln 571 min kitabın qeydiyyata alındığını və yeni binanın informasiya materiallarının yanğından mühafizə məqsədilə xüsusi qazla təchiz olunduğunu bildirib. MEK direktoru kitabların köçürülmə prosesində onlara köməklik göstərən Fövqəladə Hallar Nazirliyinin MM şəxsi heyətinə təşəkkürünü bildirib.

MM Qoşunlarının MM idarəsinin rəisi, polkovnik Qüdrət Ağayev iştirakçılara nazirlik tərəfindən vətəndaşların həyat və iş fəaliyyətlərinin təhlükəsizliyi naminə görülən əməli və profilaktik tədbirlər barədə məlumat verib. Mülki müdafiə qoşunları qarşısında qoyulan vəzifələrdən danışan polkovnik Qüdrət Ağayev bildirib ki, belə tədbirlər mülki müdafiənin vacibliyi və həyati əhəmiyyəti barədə işçilərin maarifləndirilməsinə xidmət edir. Son illər ölkədə bu sahəyə xüsusi diqqət yetirilir və Mülki Müdafiə Qüvvələrinin fəaliyyəti beynəlxalq standartların tələblərinə cavab verir.

Azərbaycan Dövlət Tibb Universitetinin professoru Cabbar Hacıyevin “Özünə yardım və qarşılıqlı yardım qaydalarının əyani şəkildə öyrənilməsi” mövzusunda məruzəsi dinlənilib.

Tədbirdə mövzu ilə bağlı suallar cavablandırılıb.

Sonda Fövqəladə Hallar Nazirliyinin MM Qoşunlarının Tibb xidmətinin rəisi, polkovnik Elçin Əligülov çıxış edərək nazirliyin fəaliyyət istiqamətləri və onun struktur qurumları barədə ətraflı məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR