Almaniyalı publisist: “Rusiyaya qarşı sanksiyalar tələb edən siyasətçilər Qarabağ məsələsində lazımi mövqe nümayiş etdirmirlər”

Almaniyalı publisist: “Rusiyaya qarşı sanksiyalar tələb edən siyasətçilər Qarabağ məsələsində lazımi mövqe nümayiş etdirmirlər”
# 02 oktyabr 2014 14:48 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. Qərb ölkələrinin siyasi dairələrində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ikili standartlar mövcuddur.

APA - nın məlumatına görə, bunu IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən tanınmış almaniyalı publisist Rixard Kessler deyib.

O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsini bəzilərinin təqdim etməyə çalışdığı kimi “dondurulmuş münaqişə” adlandırmaq olmaz. Almaniyalı publisistin sözlərinə görə, Ermənistan tərəfindən cəbhə xəttində törədilən son insidentlər bunu bir daha təsdiq edib.

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Qərb daha çox səy göstərməlidir. Çünki bu bölgədə sülhün və sabitliyin bərqərar olması Qərb ölkələri üçün böyük əhəmiyyət kəsb edir. Təəssüf ki, bu istiqamətdə qətiyyətli addımların atıldığını görmürük. Ukrayna böhranı ilə bağlı Rusiyaya qarşı sanksiyalar tələb edən siyasətçilər Dağlıq Qarabağ məsələsində lazımi mövqe nümayiş etdirmirlər”, - deyə o vurğulayıb.

Avropada, xüsusilə də Fransada güclü erməni lobbisinin olduğunu deyən R. Kessler qeyd edib ki, Ermənistan mövcud imkanlarla özünə qarşı isti münasibət yaratmağa çalışır: “Lakin reallıq onu göstərir ki, Ermənistan iqtisadiyyatı getdikcə zəifləyir və insanlar xaricə üz tuturlar. Onlar öz ölkələrinin inkişafından çox lobbiyə diqqət yetirirlər, lakin bu, nə Avropa, nə də Ermənistan üçün faydalı deyil. Lobbi amili regiona münasibətdə ikili standartlar yaradır və Qarabağ münaqişəsinin həllinə mane olur. Mən Ermənistanda olmuşam və oradakı vəziyyəti görmüşəm. Azərbaycanda isə əksinədir, bu ölkədə iqtisadiyyatın inkişafı üçün hər cür diqqət göstərilir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR