Bakı Ali Neft Məktəbi və Londonun Kral Kolleci arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı Ali Neft Məktəbi və Londonun Kral Kolleci arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub
# 27 oktyabr 2014 10:33 (UTC +04:00)

Bakı - APA-Economics. Dünyanın ən qabaqcıl universitetlərindən biri olan Böyük Britaniyanın London Kral Kollecinin (King's College London) beynəlxalq marketinq üzrə departament müdiri Nelli Soloqaşvili və beynəlxalq əlaqələr üzrə baş mütəxəssisi Nomi Veinberq Bakı Ali Neft Məktəbində (BANM) olublar.

Məktəbdən “APA-Economics”ə verilən xəbərə görə, qonaqları salamlayan rektor Elmar Qasımov London Kral Kollecinin nümayəndələrini BANM-nin yaranma tarixi, əsas hədəfləri, məqsədləri, fəaliyyət strategiyası və tədris sistemi haqqında ətraflı məlumatlandırıb, ali məktəbin yaradılmasında əsas məqsəd kimi Azərbaycanda beynəlxalq standartlara, həmçinin sənayenin müasir tələblərinə cavab verən ingilis dilli yüksəkixtisaslı kadrların məhz öz ölkəmizdə yetişdirərək, texniki fəaliyyət və sənaye sahələrində olan ingilisdilli peşəkar kadr tələbatının ödənilməsini göstərib. Bu baxımdan rektor BANM-nin dünyanın neft-qaz, kimya mühəndisliyi və digər texniki elmlər üzrə ali təhsil verən müəssisələri ilə və Böyük Britaniyanın Heriot-Vatt Universiteti, neft-qaz şirkətləri ilə sıx münasibətlərinin olmasını vurğulayaraq bildirib ki, BANM tələbələrin praktiki biliklərini artırmaq məqsədilə onları adları çəkilən müəssisələrə göndərir.

Daha sonra rektor BANM-in tikilməkdə olan yeni və müasir kampusunun Qafqaz regionunda ən böyük kampus olacağını qonaqların nəzərinə çatdıraraq, orada yaradılan hər cür şərait haqqında geniş təsviredici məlumat verib.

Görüş çərçivəsində E.Qasımov dünyada məşhur olan London Kral Kollecində kimya mühəndisliyi ixtisası üzrə əməkdaşlığın qurulmasında BANM-nin maraqlı olduğunu qonaqların diqqətinə çatdırıb, bununla əlaqədar olaraq London Kral Kolecinin rektorunu Bakıya və BANM-də qonaq olmağa dəvət edib, Azərbaycana səfər çərçivəsində ali təhsil ocağlarının rəhbərləri ilə görüş keçirməyi təklif edib.

Öz növbəsində London Kral Kollecinin əməkdaşları BANM-də qonaq olmaqdan məmnunluq ifadə edərək, təmsil etdikləri universitet haqqında ətraflı məlumat verib, xarici tələbələrin Kral Kollecinin proqramları üzrə doktorontura səviyyəsində təhsil almalarında maraqlı olduqlarını nəzərə çatdırıblar.

Görüşün sonunda BANM tələbələrinin gələcəkdə Londonun Kral Kollecində texniki ixtisaslar üzrə magistratura və doktorantura səviyyəsində təhsil almalarının indiki imkanları və qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub, London Kral Kollecinin yüksəkixtisaslı kadrlar tərəfindən professional kursların və treninqlərin BANM-də keçirilməsi təklif olunub. Eyni zamanda universitetlər arasında ikitərəfli əməkdaşlığın qurulması istiqamətində təkliflər və tövsiyələr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR