Məhkəmə Əvəz Zeynallının vəsatətlərini təmin etməyib

Məhkəmə Əvəz Zeynallının vəsatətlərini təmin etməyib
# 16 oktyabr 2012 13:44 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə Ə. Zeynallı vəsatətlə çıxış edərək bildirib ki, iş üzrə zərərçəkmiş kimi tanın Gülər Əhmədovanın ifadəsində kifayət qədər şübhəli məqamlar olduğundan cinayət işinin onunla bağlı hissəsinə xitam verilməlidir. Eyni zamanda şahidlər dəfələrlə məhkəməyə çağırılmalarına baxmayaraq prosesə gəlmədikləri üçün onların ifadəsi maddi sübutlar siyahısından çıxarılmalıdır. Dövlət ittihamçısı Ramazan Hadıyev isə vəsatətlərə münasibət bildirərək onların əsassız olduğunu deyib. Müşavirədən sonra hakimlər qərarı elan ediblər. Qərara əsasən, vəsatətlər təmin olunmayıb.

Proses oktyabrın 18-də davam etdiriləcək.

Qeyd edək ki, Ə. Zeynallı ötən il oktyabrın 28-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə cinayət işi başlanıb, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR