Azərbaycan Dövlət Neft Şirkətində Bolqarıstanın iqtisadiyyat, energetika və turizm naziri ilə görüş keçirilib

Azərbaycan Dövlət Neft Şirkətində Bolqarıstanın iqtisadiyyat, energetika və turizm naziri ilə görüş keçirilib
# 03 noyabr 2012 16:00 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) Bolqarıstanın iqtisadiyyat, energetika və turizm naziri Delyan Dobrevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, şirkət prezidenti Rövnəq Abdullayev Azərbaycan və Bolqarıstan arasında dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu söyləyib, ölkəmizin sosial-iqtisadi inkişafı və bu prosesdə neft-qaz sektorunun rolu barədə ətraflı məlumat verib.

R. Abdullayev Azərbaycanın qaz ixrac edən ölkələr sırasında özünə layiqli yer tutduğunu vurğulayıb. İxrac marşrutlarının şaxələndirilməsinə böyük əhəmiyyət verildiyini diqqətə çatdıran ARDNŞ prezidenti Azərbaycan təbii qazının Avropaya nəqli üçün təklif olunan layihələrin nəzərdən keçirildiyini qeyd edib. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın tutduğu mövqe, «Şahdəniz» yatağının işlənilməsi layihəsinin 2-ci mərhələsi, yeni qaz-kondensat yataqlarının açılması, habelə həyata keçirilən infrastruktur layihələri haqqında danışan R.Abdullayev bildirib ki, Bolqarıstan ilə Azərbaycan arasında enerji sektorunda əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş perspektivlər mövcuddur.

D.Dobrev isə öz növbəsində Bolqarıstanın Azərbaycan ilə iqtisadi əlaqələrin genişləndirilməsində, enerji sektoru, xüsusilə də ARDNŞ ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR