Hazırda çox mürəkkəb geosiyasi vəziyyətdəyik.
APA xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi Dmitri Şlapaçenko Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) konfransında panel sessiyadakı çıxışında deyib.
O bildrib ki, iqlimin sərhədləri yoxdur: “Bu, danılmaz faktdır. Mən Mərkəzi Asiyada səhralardan gələn toz fırtınalarının nələrə səbəb ola biləcəyini öz gözlərimlə görmüşəm. Buna görə hesab edirəm ki, çətin siyasi parçalanmaların mövcud olduğu bir şəraitdə həmrəylik nümayiş etdirməliyik.
Mənim üçün həmrəylik o deməkdir ki, iqlimdən danışarkən yalnız iqlimin özünü nəzərdə tutmuruq. Biz sosial inkişafdan, iqtisadiyyatdan, müharibələrin qarşısının alınmasından danışırıq. Bütün bunlar bir-biri ilə əlaqəlidir. Təbii resurslar uğrunda rəqabət daha da güclənəcək.
Buna görə də mənim üçün əsas söz həmrəylikdir. Əgər COP29-dan COP31-ə qədər uğur qazanmaq istəyiriksə, məhz bu anlayışa söykənməliyik”.