ADB "Azərişıq" ASC-yə 750 mln. dollarlıq kreditin ayrılmasını təsdiqləyib

ADB "Azərişıq" ASC-yə 750 mln. dollarlıq kreditin ayrılmasını təsdiqləyib
# 12 iyul 2016 07:54 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda elektrik enerjisinin paylanmasının inkişafına dair təklif olunan İnvestisiya Proqramı üzrə 750 mln. ABŞ dolları məbləğində kreditin ayrılmasını təsdiqləyib.

"APA-Economics" bankın saytına istinadən xəbər verir ki, ayrılan vəsait hesabına görülən işlər nəticəsində 1,4 milyondan çox istehlakçı elektrik enerjisi ilə təchiz olunacaq.

"ADB-nin bu proqramı Azərbaycanın digər iri şəhərlərində və ucqar rayonlarında elektrik enerjisi təminatındakı problemlərin həllinə və ev təsərrüfatlarının gün boyu elektrik enerjisi ilə təchizatına gətirib çıxaracaq. Bundan başqa, ayrılan kredit sayəsində inklüziv iqtisadi artıma nail olunacaq, kiçik və orta sahibkarlıq imkanları daha da güclənəcək", - deyə ADB-nin Mərkəzi və Qərbi Asiya departamentinin baş direktoru Şon M. O'Salivan bildirib.

Kredit Azərbaycana 2022-ci ilədək 3 tranşla ayrılacaq. Birinci tranşın həcmi 250 mln. dollardır.

Qeyd edək ki, Azərbaycan hökuməti ilə ADB arasında elektrik enerjisinin paylanmasının inkişafına dair təklif olunan İnvestisiya Proqramı üzrə kreditin ayrılmasına dair ilkin niyyət protokolu 2015-ci ilin may ayında Bakıda keçirilən ADB-nin Rəhbərlər Şurasının 48-ci illik Toplantısı çərçivəsində imzalanıb. Protokolu Azərbaycanın maliyyə naziri Samir Şərifov, “Azərişıq” ASC-nin sədri Baba Rzayev və AİB-in vitse-prezidenti Vençay Jangin imzalayıblar.

ADB 1999-cu ildən etibarən Azərbaycanın iqtisadi imkanlarının şaxələndirilməsi və genişləndirilməsinə dəstək məqsədilə mühüm hissəsi infrastruktur sektoruna yönəlməklə təxminən 2,1 mlrd. ABŞ dolları məbləğində vəsait ayırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR