Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş II Alman - Azərbaycan serebrovaskulyar simpoziumu başlayıb.
APA-nın xəbərinə görə, professor Əhməd Memiş bildirib ki, simpozium zamanı serebrovaskulyar xəstəliklərin diaqnostikası və müalicəsində ən son yeniliklərdən danışılacaq.
O qeyd edib ki, simpoziumda xüsusən Almaniyadan dəvət olunan mütəxəssislər dünyada ilk olaraq bu sahədə etdikləri müalicə və diaqnostik metodlardan söhbət açacaqlar.
ATU-nun Tədris Terapevtik Klinikasının nevroloqu Nuran Əmənullayev deyib ki, insultun qarşısını almaq mühüm məsələdir: "Dünyada ölümə səbəb olan xəstəliklər arasında insult ikinci yerdədir. Ürək xəstəlikləri insultu yaradır. Dünyada aparılan tədqiqatlar göstərir ki, 20 il ərzində insultun ölüm göstəricisi 19 faiz azalıb. Bununla belə, insult qlobal problemdir. İnsult qalıcı əlilliyə səbəb olur".
Simpozium sabah da davam edəcək.