Bank Of Baku

İqtisadiyyat naziri: Azərbaycanın əsas hədəfi nəqliyyat dəhlizlərini iqtisadi dəhlizlərə çevirməkdir

iqtisadiyyat naziri Mikayıl Cabbarov

© APA | iqtisadiyyat naziri Mikayıl Cabbarov

# 25 sentyabr 2026 10:45 (UTC +04:00)

Azərbaycanın əsas hədəfi nəqliyyat dəhlizlərini iqtisadi dəhlizlərə çevirmək və özəl sektorun aparıcı rol oynadığı şaxələndirilmiş, ixracyönümlü iqtisadiyyat formalaşdırmaqdır.

“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) çərçivəsində çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Mikayıl Cabbarov qeyd edib ki, 2021–2025-ci illərdə Azərbaycanda qeyri-neft-qaz sektorunda real artım orta hesabla illik 6% təşkil edib, qeyri-neft sənayesi 1,5 dəfə böyüyüb, qeyri-neft-qaz ixracı isə təxminən iki dəfə artıb.

Mikayıl Cabbarovun sözlərinə görə, 2025-ci ildə qeyri-neft-qaz iqtisadiyyatının ÜDM-də payı 71% təşkil edib və 2030-cu ilədək bu göstəricinin 82%-ə çatdırılması hədəflənir.

İqtisadiyyat naziri bildirib ki, müasir iqtisadi dəhlizlər mal və xidmətlər, enerji, məlumat, kapital və insanlar olmaqla beş əsas axını əhatə etməlidir. Məqsəd yalnız xammalın tranzitini təmin etmək deyil, onun Azərbaycanda emal edilərək Türkiyə və Avropa bazarlarına çıxarılmasıdır.

Mikayıl Cabbarov əlavə edib ki, ixracın stimullaşdırılması üçün yeni dəstək mexanizmləri çərçivəsində müəyyən edilmiş limitlər daxilində uyğun qeyri-neft ixrac mallarının nəqliyyat xərclərinin 70%-dək hissəsi kompensasiya edilir.

Mikayıl Cabbarov həmçinin Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında “yaşıl enerji” dəhlizinin inkişaf etdirildiyini, Xəzər-Qara dəniz-Avropa “yaşıl enerji” dəhlizinin bərpa olunan elektrik enerjisinin Avropa bazarlarına çatdırılmasına hesablandığını bildirib.

Rəqəmsal bağlantılar istiqamətində isə Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə çəkilən Transxəzər fiber-optik kabeli Avropa ilə Asiya arasında yeni yüksəkötürücülü rəqəmsal bağlantının yaradılmasını nəzərdə tutur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR