Eldar Əmirovun “Orta əsrlər Azərbaycanının görkəmli dövlət xadimi Fəzlullah Rəşidəddin əl-Həmədani” kitabı çapdan çıxıb

Eldar Əmirovun “Orta əsrlər Azərbaycanının görkəmli dövlət xadimi Fəzlullah Rəşidəddin əl-Həmədani” kitabı çapdan çıxıb
# 22 oktyabr 2014 15:11 (UTC +04:00)

APA-nın xəbərinə görə, görkəmli dövlət xadimi və mütəfəkkiri Fəzlullah Rəşidəddin əl-Həmədaninin (1247-1318) siyasi fəaliyyətindən bəhs edən monoqrafiya həm milli tarixşünaslığımızda, həm də dünya tarixşünaslığında mövzuya dair kitab həcmində qələmə alınmış ilk tədqiqat işidir.

616 səhifəlik kitabda Rəşidəddinin Elxanilər dövlətinin baş vəziri qismində keçdiyi 20 illik keşməkeşli, lakin şərəfli yol çoxlu sayda klassik mənbənin, həmçinin müasir araşdırmaların materialları əsasında müfəssəl şəkildə işıqlandırılıb. Eyni zamanda monoqrafiyada Fəzlullah Rəşidəddinin siyasi və maarifçilik fəaliyyəti ilə sıx bağlı olan bir sıra tarixi şəxsiyyətlərə, hadisə və anlayışlara dair maraqlı faktlar öz əksini tapıb, Azərbaycan, İran və həmçinin İslam tarixinə aid mühüm məqamlara toxunulub. “Orta əsrlər Azərbaycanının görkəmli dövlət xadimi Fəzlullah Rəşidəddin əl-Həmədani” əsəri müəllifin üç illik elmi axtarışlarının nəticəsidir.

Kitabın elmi redaktoru akademik Vasim Məmmədəliyev, redaktoru fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyevdir. Rəssam Vüqar Həziyev xüsusi olaraq bu kitab üçün “Fəzlullah Rəşidəddin” portretini yaradıb.

Qeyd edək ki, Eldar Qurban oğlu Əmirov 1985-ci ildə Bakıda anadan olub. 2007-ci ildə Bakı Slavyan Universitetində Beynəlxalq münasibətlər və regionşünaslıq ixtisası üzrə bakalavr, 2009-cu ildə isə Kiyev Kadrların İdarəedilməsi Akademiyasında Politologiya ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomları ilə başa vurub. Hazırda Bakı Slavyan Universitetinin doktorantıdır. İki kitabın, bir neçə elmi məqalənin müəllifidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR