Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi cərimələrin miqdarının artırılmasını təklif edəcək

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi cərimələrin miqdarının artırılmasını təklif edəcək
# 03 iyun 2014 10:27 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Təbii ki, Azərbaycana böyük həcmdə məhsul idxal edən sahibkarın həmin məhsulları Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindəki genetik modifikasiya edilmiş məhsullarla bağlı laboratoriyada yoxlatdırmaqda marağı yoxdur. Bu məhsulların GMO ilə bağlı yoxlanılmasını təşkil etmək dövlətin borcudur”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov söyləyib.

R.Həsənov deyib ki, Azərbaycana GMO məhsulların gətirilməsini istəmiriksə, bu sahədə qanunvericiliyin tələbləri sərtləşdirilməli, bu məhsulların sərhəd-keçid məntəqələrində müvafiq laboratoriyalarda yoxlanılması təmin olunmalıdır: “İdxalçıların qarşısında birmənalı tələb qoyulmalıdır ki, bu məhsulların Azərbaycana gətirilməsi qadağandır. Digər tərəfdən, yerli istehsalçılar GMO məhsullar istehsal etməməli, laboratoriyada yoxlamadan keçdikdən sonra məhsullarının üzərinə ekoloji təmiz məhsul olduğu yazılmalıdır. Əgər istehsalçının istehlakçıları aldatdığı üzə çıxarsa, o zaman həmin istehsalçıya qarşı böyük cərimə sanksiyaları tətbiq olunmalıdır. Təəssüf ki, Azərbaycanda cərimələrin miqdarı azdır”.

Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycanda ən böyük cərimə 5 min manatdır: “Ancaq elə müəssisələr var ki, 5 min manat onlar üçün elə də böyük vəsait deyil. Ona görə də cərimələrin miqdarı artırılmalıdır. Dövlət Komitəsi bu məsələni gündəmə gətirmək niyyətindədir. Prezident də müəyyən tapşırıq verib ki, cərimələrin miqdarını artırmaq lazımdır ki, məsuliyyət hissi artsın. Biz bu məsələnin üzərinə çalışacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR