Hərbi Prokurorluqda Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Hərbi Prokurorluqda Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar tədbir keçirilib
# 07 may 2015 10:05 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Respublika Hərbi Prokurorluğunda Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Hərbi Prokurorluğunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən baş prokurorun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev müasir müstəqil dövlətimizin memarı və qurucusu olan Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu islahatlar barədə ətraflı məlumat verib.

X. Vəliyev qeyd edib ki, H. Əliyevin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində bu gün Azərbaycan inkişaf etmiş ölkələr sırasında xüsusi yeri olan bir dövlətə çevrilib: “Həyata keçirilən mütərəqqi və beynəlxalq standartlara uyğun islahatlar nəticəsində ölkəmizdə demokratik və hüquqi dövlət qurulub, iqtisadi müstəqilliyə nail olunub, xalqımızın xoşbəxt gələcəyi üçün bütün təminatlar yaradılıb, dönməz ictimai-siyasi sabitlik və əmin-amanlıq bərqərar olmaqla, qanunun aliliyinə əsaslanan sivil vətəndaş cəmiyyəti formalaşdırılıb. Prokurorluq orqanlarının dövlətçiliyimizin maraqlarına, qanunun aliliyinə, insan və vətəndaş hüquqlarının müdafiəsinə xidmət edən sivil və demokratik bir quruma çevrilməsi, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunverici, maddi və sosial bazanın yaradılması Heydər Əliyevin siyasi iradəsinin bəhrəsidir”.

H. Əliyevin siyasi xəttinin davamçısı prezident İlham Əliyevin respublikamızda hüquqi islahatları uğurla həyata keçirdiyini vurğulayan hərbi prokuror bu gün dövlət başçısının Azərbaycanın iqtisadi və sosial inkişafına, ölkədə sabitliyin, təhlükəsizliyin, əmin-amanlığın qorunmasına verdiyi misilsiz töhfələrdən bəhs edib.

Tədbirə yekun vuran X. Vəliyev bəyan edib ki, Hərbi Prokurorluğun kollektivi H. Əliyevin dövlətçilik ideyalarına həmişə sadiq qalacaq, müstəqilliyimizin, ictimai-siyasi sabitliyin və əmin-amanlığın hər cür cinayətkar qəsdlərdən qorunması istiqamətində İ. Əliyev tərəfindən həyata keçirilən dövlətçilik tədbirlərində həmişə yaxından iştirak edəcək.

Sonda Respublika Hərbi Prokurorluğunun xidmətdə fərqlənən əməkdaşlarına hərbi rütbələr verilib, H. Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR