Rus bölməsinin 1500-dək abituriyenti “Azərbaycan dili”ndən imtahan verəcək

Rus bölməsinin 1500-dək abituriyenti “Azərbaycan dili”ndən imtahan verəcək
# 10 iyun 2016 10:16 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 12-də rus bölməsinin abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirəcək.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahan Bakı şəhərində 3, Naxçıvan şəhərində 1 binada təşkil olunacaq və saat 11:00-da başlanacaq.

Bu il “Azərbaycan dili” fənni üzrə birinci imtahan 2016-cı il mayın 1-də keçirilib. Həmin imtahanda 7696 abituriyent iştirak edib, onlardan 6476 nəfər imtahanı müvəffəqiyyətlə verərək “məqbul” qiymət alıb. Qəbul qaydalarına əsasən, mayın 1-də keçirilmiş imtahanda müxtəlif səbəblərə görə iştirak etməyən, habelə həmin imtahanda “qeyri-məqbul” qiyməti alan abituriyentlərə iyunun 12-də keçiriləcək “Azərbaycan dili” imtahanında iştirak etmək imkanı verilir.

Abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Məlumat üçün bildiririk ki, imtahanda 1486 abituriyentin iştirak edəcəyi nəzərdə tutulur. İmtahanın idarə olunması üçün 10 imtahan rəhbəri, 117 nəzarətçi müəllim ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR