İranda üç azərbaycanlı fəal sərbəst buraxılıb

İranda üç azərbaycanlı fəal sərbəst buraxılıb
# 11 mart 2013 07:05 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranda üç azərbaycanlı fəal sərbəst buraxılıb. APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, Siyamək Seyfi və Kəsra Davudi (hər ikisi Xiyav, Meşkinşəhr) və Hüseyn Ədlcu (Muğan, Parsabad) martın 10-da Təbriz həbsxanasından sərbəst buraxılıb. Azərbaycanlı fəallar ailələrinin qoyduğu 500 milyon rial məbləğində zəmanətlə azadlığa buraxılıblar.

Qeyd edək ki, azərbaycanlı fəallar fevralın 26-da Asiya Çempionlar Liqasının qrup mərhələsinin oyunları çərçivəsində Təbrizin “Səhənd” stadionunda yerli “Traktor” komandası ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əlcəzirə” komandası arasında keçirilmiş görüşdən sonra həbs ediliblər. Belə ki, “Traktor”un 3:1 hesablı qələbəsi ilə sona çatan oyun bitən kimi on minlərlə azərbaycanlı azarkeş küçələrə axışıb, nəqliyyatın hərəkəti dayanıb, Təbriz küçələri “Traktor” bayraqları ilə bəzədilib.

Azərbaycanlı fəallar “Yaşasın Azərbaycan!”, “Azərbaycan var olsun, istəməyən kor olsun!”, “Türk dilində mədrəsə!” şüarları səsləndirib, ingilis dilində “South Azerbaijan is not İran!”, “1992 Khojali Genocide!” və “Qarabağ bizimdir, bizim olacaq!” plakatları qaldırıblar. İran təhlükəsizlik qüvvələri aksiyaya müdaxilə edib, onlarla azərbaycanlı fəal həbs edilib. Onlardan Əli Sərraf, Əli Əhmədi, Siyamək Seyfi, Kəsra Davudi, Hüseyn Ədlcu və Cəfər Rüstəmirad Təbrizdə Məhkəmənin 19-cu şöbəsində mühakimə ediliblər.

Məhkəmə azərbaycanlı fəalların zəmanətlə azadlığa buraxılması haqda qərar verib.

Cəfər Rüstəmirad (Ərdəbil), Musa Sudi (Ərdəbil), Musa Zadə (Muğan), Əli Əhmədi (Muğan) və Məhəmməd Purtəği isə hazırda həbsdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR