Almaniya vətəndaşını qətlə yetirməkdə təqsirləndirilən şəxslər Ali Məhkəməyə müraciət ediblər

 Almaniya vətəndaşını qətlə yetirməkdə təqsirləndirilən şəxslər Ali Məhkəməyə müraciət ediblər
# 21 may 2015 13:27 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində alman vətəndaşı Vüsal Şilderi öldürməkdə təqsirli bilinən Elman İsgəndərov və Seymur Talıbovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərin vəkilləri çıxış ediblər. Onlar məhkəmənin ilkin baxış iclasının qərarından kassasiya şikayəti verdiklərini deyiblər. Bunun üçün proses qeyri-müəyyən vaxta kimi təxirə salınıb.

Qeyd edək ki, ilkin baxış iclası zamanı vəkillər prosesin məhkəmə istintaqı ilə aparılması barədə vəsatət veriblər. Lakin məhkəmə vəsatəti təmin etməyib.

Xatırladaq ki, 2013-cü il mayın 2-də Ə.Rəcəbli küçəsində Almaniya vətəndaşı Vüsal Şilder aldığı iki bıçaq xəsarəti ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi, Nərimanov Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi, Nərimanov RPİ 18-ci polis bölməsi və Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Elman İsgəndərov və Seymur Talıbov saxlanılıb.

Almaniya vətəndaşı olan 23 yaşlı Vusal Şilder Adolf əslən azərbaycanlıdır. Belə ki, Almaniya vətəndaşı olan Adolf Şilder 20 il əvvəl Bakıda Azərbaycan vətəndaşı olan qadınla evlənib və onun oğlu Vüsalı övladlığa götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR