«Azəriqaz»: «Qəzaların qarşısını almaq üçün detektorlar quraşdırılmalıdır»

«Azəriqaz»: «Qəzaların qarşısını almaq üçün detektorlar quraşdırılmalıdır»
# 16 fevral 2012 12:02 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə bu gün keçirilən mətbuat konfransında «Azəriqaz» İB-nin baş direktor müavini Aydınbay Amanov bildirib.

Nazirlər Kabinetinin qaz təsərrüfatında təhlükəsizlik qaydalarına həsr olunmuş 80 saylı qərarını və burada nəzərdə tutulan tələbləri xatırladan A.Amanov bildirib ki, hadisələrin böyük hissəsi dəm qazından boğulma hallarıdır ki, bu da əsasən tüstü bacalarının saz vəziyyətdə olmaması ilə bağlıdır. Onun sözlərinə görə, bununla bağlı hələ qış mövsümü başlanmamışdan əvvəl «Azəriqaz» İB icra hakimiyyətləri və mənzil-kommunal təsərrüfatı qurumları ilə müşavirələr keçirib, onları bununla bağlı maarifləndirib. Belə müşavirələrin birində Bakı şəhər Prokurorluğunun nümayəndələri də iştirak edib: «Prokurorluq orqanlarının bu müşavirələrə qatılmasında məqsəd müvafiq orqanların bu işə ciddi yanaşmasına nail olmaqdır».

A.Amanovun sözlərinə görə, vaxtilə istilik sisteminin sıradan çıxması da qazla bağlı hadisələrin artımına səbəb olub: «Vaxtilə Bakıda «xruşşovka» binalarında yaşayan 200 min abunəçinin istiliyə olan tələbatı istilik batareyaları ilə təmin olunurdu. Bu sistem pozulandan sonra onlar da qazdan istifadə edir, halbuki bu binalarda tüstü bacaları, ümumiyyətlə, yoxdur».

Baş direktor müavini vəziyyətdən çıxış yolunu təhlükəsizlik tələblərinə əməl olunması və evlərdə xüsusi detektorların quraşdırılmasında görür. Onun sözlərinə görə, detektorlardan biri təbii qazın sızması, digəri evdə dəm qazının mövcudluğu barədə xüsusi siqnalla xəbərdarlıq edir: “Otaqda partlayışın baş verməsi üçün havadakı qazın miqdarı 5-15% olmalıdır. Bu detektorlar isə qazın həcmi artıq 3% olanda siqnal verməyə başlayır. Onların qiyməti 14-50 manat arasında dəyişir. Qəzaların baş verməsinə bəzi sakinlərin qazla düzgün rəftar edə bilməməsi və həyət evlərinin təhlükəsizlik tələblərinə cavab verməməsi səbəb olur. Bunlar ən çox ölkənin digər rayonlarından Bakıya köçənlərdir”.

Təhlükəsizlik qaydalarına görə, «Azəriqaz» əməkdaşları tərəfindən ildə iki dəfə mənzillərə baxış keçirilməli, aşkar olunmuş nöqsanlarla bağlı akt tərtib olunmalı və bunun aradan qaldırılması üçün mənzil sahibinə vaxt verilməlidir: «Abunəçinin borcudur ki, öz təhlükəsizliyinə görə, bu tələbləri yerinə yetirsin».

Qaz təhlükəsizliyi ilə bağlı bəzi yada salan A.Amanov qeyd edib ki, bədbəxt hadisələrin baş verməməsi üçün hamam otaqlarının sahəsi azı 12 kv. m olmalı, hamam qapıları bayıra açılmalı, bu qapıların aşağı hissəsində havanın dövr etməsi üçün deşiklər olmalıdır: «Bundan başqa, tüstü bacaları evin damından azı 0,5 metr yuxarıda olmalı, tüstü borusu isə 3 dəfədən artıq əyilməməlidir».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR