Asiya İnkişaf Bankının Azərbaycan üzrə kredit portfeli 1 mlrd. dolları ötüb

Asiya İnkişaf Bankının Azərbaycan üzrə kredit portfeli 1 mlrd. dolları ötüb
# 19 mart 2012 10:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Asiya İnkişaf Bankının (AİB) Azərbaycanla əməkdaşlığa başladığı tarixdən etibarən bu günə kimi avtomobil yollarının tikintisi, kiçik şəhərlərin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması, elektroenergetika, meliorasiya və selə qarşı tədbirlər sahələrini əhatə edən 7 layihə üzrə ümumi məbləği 596,9 mln. ABŞ dolları məbləğində 10 kredit saziş imzalanıb.

«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2011-ci ildə fəaliyyəti haqqında dərc olunmuş hesabatda deyilir.

Hesabatda qeyd olunub ki, artıq 3 layihənin («Selə qarşı tədbirlər», «Şərq-Qərb avtomobil yolunun yenidən qurulması» və «Kiçik şəhərlərdə su-kanalizasiya sistemlərinin yenidən qurulması») icrası başa çatıb, qalan 4 layihənin icrası isə davam etdirilir.

«Başa çatan layihələr üzrə istifadə edilmiş kreditin ümumi məbləği 104 mln. dollar olub, icrada olan layihələrin maliyyələşdirilməsi üçün ayrılan kreditin ümumi məbləği isə 492,9 mln. dollar təşkil edir», - deyə hesabatda bildirilir.

AİB-lə imzalanmış kredit sazişləri üzrə 2012-ci ilin yanvarın 1-nə istifadə olunmuş vəsaitlər 253,5 mln. dollar olub. Bu isə Bankı tərəfindən ayrılan kreditin ümumi məbləğinin 42,5%-nə bərabərdir.

Hesabatda həmçinin bildirilir ki, «Selə qarşı tədbirlər», «Şərq-Qərb avtomobil yolunun yenidən qurulması» və «Kiçik şəhərlərdə su-kanalizasiya sistemlərinin yenidən qurulması» layihələrinə aid kredit sazişləri üzrə borcların qaytarılmasına başlanıb.

AİB tərəfindən ayrılmış ümumi kreditlərdən 2011-ci ildə istifadə edilmiş məbləğ 108,6 mln. dollar olub: «Bankla 2011-ci ildə avtomobil yolları şəbəkəsinin inkişafı proqramının III tranşı üzrə Masallı-Astara avtomobil yolunun B və C hissələrinin tikintisinin maliyyələşdirilməsi üçün 200 mln. dollar məbləğində və su təchizatı və kanalizasiya investisiya proqramının II tranşı üzrə Göyçay, Ağdaş, Naxçıvan və Beyləqan şəhərlərinin su-kanalizasiya sistemlərinin tam yenidən qurulmasının maliyyələşdirilməsi üçün 300 mln. dollar məbləğində kreditlərin ayrılması AİB tərəfindən 2011-ci ilin dekabrın sonunda təsdiq edilib».

«Beləliklə, 2012-ci il yanvarın 1-nə AİB-in Azərbaycan üçün təsdiq olunmuş kreditlərinin ümumi məbləği 1 094,4 mln. dollar təşkil edib», - deyə hesabatda bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR