Mübariz Əhmədoğlu: “Öz xalqından həmişə qorxan dini və rəsmi Tehranın bu qorxusu parlament seçkisindən sonra daha da artıb”

Mübariz Əhmədoğlu: “Öz xalqından həmişə qorxan dini və rəsmi Tehranın bu qorxusu parlament seçkisindən sonra daha da artıb”
# 12 mart 2012 10:15 (UTC +04:00)
Bakı-APA. “İranda və onun ətrafında baş verən proseslərin əksəriyyətini başa düşmək çox çətindir. Bunun üçün İran mentalitetinə mümkün olan qədər bələd olmaqla yanaşı, cari prosesləri də izləmək vacibdir”. APA-nın məlumatına görə, bu fikirlər politoloq Mübariz Əhmədoğluya məxsusdur.

O bildirib ki, uzun müddət Qərb İran mentalitetini bilmədiyi halda, yalnız cari prosesləri izləməklə nəticələr çıxarıb: “Nəticədə Qərb İranı hədsiz güclü dövlət kimi təsəvvür edirdi. Qərbli mütəxəssis İranın hər hansısa bir rəsmisinin fikirlərini götürür, şişirtməni nəzərə alır, yenə də İranın gücü barədə çox iri təsəvvür əldə edirdi. Amma son dövrlərdə qərbli mütəxəssislər İranı tanımağa, bu ölkədə ritorika ilə reallıq arasında böyük uçurumun olduğunu görməyə başlamışlar. Bu vaxta kimi görməyənlər və başa düşməyənlər də bundan sonra çox şeyin mahiyyətini başa düşəcəklər. Misal üçün, şiə dövləti Aşura mərasimindən sonrakı gecəni qeyd etməyə qoymur. “Şami Qəriban gecəsi” adlanan bu gecə artıq Kərbəlada şəhid olmuşlara onun yaxınları tərəfindən yas tutulması deməkdir. İranda bu mərasim əsrlər boyu icra edilsə də, hakimiyyətdə olan dindarlar indi bu mərasimin keçirilməsinə icazə vermirlər.

Əfqanıstanda ABŞ hərbçilərinin Quranı yandırmasına İranın susması heç cür izah oluna bilmir. Sanki amerikalılar Əfqanıstanda əfqanlara məxsus Quranı yandırıblar və burada yandırılan Quranın İran İslam Respublikasına heç bir aidiyyəti yoxdur. İslam dinini basıb-yeyən, onun vasitəsilə bütün dünyaya hədə-qorxu gələn, özlərinin, balalarının gün-güzəranını Qurani-Kərimlə quran ayətullahlar və digər dindarlar Əfqanıstanda Quranın yandırılmasına bir dənə də olsun etiraz bildirmədilər. Azərbaycanda 20-30 körpə qız məktəblinin məktəbə hicabsız getməsinə münasibət bildirmək üçün növbəyə duran ayətullahlar indi susublar. İranın heç bir şəhərində, heç bir müəssisəsində Quranı yandıran ABŞ hərbçilərinə qarşı etiraz aksiyası keçirilmədi. Əlbəttə, kimsə fikirləşə bilər ki, dini və rəsmi Tehran bununla ABŞ-a xoş mesaj verir: “səndən ötrü din nədir, canımın yarısından keçərəm”.

İranın rəhbərliyi axır çərşənbənin bayram kimi qeyd edilməsinə qadağa qoyub. Axır çərşənbənin mənşəyi barədə çoxlu fikirlər var: bu bayramın kökünü atəşpərəstliyə bağlayan alimlər də mövcuddur; sonradan İran teosofları bunu İslam dininə bağlaya bildilər. “Muxtarnamə” filmi haqqında ağız dolusu danışan iranlılar Muxtarın əsas atributunun qeyd olunmasından qorxurlar, çünki əhali evindən bayıra çıxa, şənlənə, bayram edə, bir yerə toplaşa bilər.

Bu üç hadisədə, yəni “Şami Qəriban gecəsi”nin, axır çərşənbənin qeyd olunmasına və Əfqanıstanda ABŞ hərbçilərinin Quran yandırmasına kütləvi etirazlara icazənin verilməməsinin bircə səbəbi var: İranın indiki rəhbərləri öz əhalilərindən qorxular. Rəsmi və dini Tehran bilir ki, əhalinin əlinə imkan düşən kimi, başqa sözlə, özlərinin termini ilə desək, İran xalqı səhnəyə gələn kimi İranın rəhbərləri heç pərdənin arxasında da qala bilməyəcəklər. Ortaya maraqlı sual çıxır: İran rəhbərliyi görəsən, daha çox ABŞ-dan, İsraildən yoxsa öz xalqından qorxur? Mənim üçün bu sualın cavabı aydındır. Dildə ABŞ-ı, Qərbi söyən İran ABŞ və Qərblə hər cürə münasibətlərə getməyə hazırdır. Ötən il ABŞ-la İran arasındakı ticarət mübadiləsi göstəricilərinin artmasını İran mətbuatı düz bir ay qeyd etdi (ABŞ İrandan bir az artıq məhsul almış və texniki-texnoloji məhsulların İrana bir az artıq satılmasına icazə vermişdi). Rəsmi və dini Tehran öz xalqlarını tərifləsələr də, əslində, ona zülm etməklə məşğuldurlar. Son illərdə İranın ümumi sosial-iqtisadi inkişaf göstəriciləri aşağı düşməklə yanaşı, əhalinin də vəziyyəti xeyli çətinləşib. Bir azdan siz də bu qənaətdə olacaqsınız ki, məntiqlə rəsmi və dini Tehran öz xalqından daha çox qorxur, nəinki ABŞ-dan. İranın hakimiyyətində arada “məntiq axtarma yarışı” keçirilir. Görünür, bu məntiqə hələ gəlib çatmayıblar.

İranın rəhbərlərinin son iki qadağası - Əfqanıstanda Qurani-Kərimin yandırılmasına etiraz nümayişlərinin və axır çərşənbə şənliklərinin qadağan olunması İranda parlament seçkilərindən sonraya düşür. Parlament seçkilərində xalqın iştirakını tərifləməsinə baxmayaraq dini və rəsmi Tehran xalqın parlament seçkilərində iştirak ilə bağlı real vəziyyətin nədən ibarət olduğunu bilir və məhz bu vəziyyətə uyğun addımlar atır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR