Azərbaycanın bir sıra siyasi partiyaları Türkiyə prezidentinə müraciət ediblər

Azərbaycanın bir sıra siyasi partiyaları Türkiyə prezidentinə müraciət ediblər
# 25 iyul 2012 10:44 (UTC +04:00)
Müraciətdə Abdulla Güldən vəkil İntiqam Əliyev haqqında cinayət işini nəzarət saxlamaq xahiş olunur

Bakı. Ramil Məmmədli – APA. Azərbaycanın bir qrup siyasi partiyası vəkil İntiqam Əliyevə qarşı Türkiyədə baş verən hadisə ilə bağlı bu ölkənin prezidenti Abdullah Gülə müraciət ünvanlayıb.

APA-nın məlumatına görə, müraciəti Xalq Cəbhəsi, Müsavat, Demokrat, Milli İstiqlal, Liberal, Klassik Xalq Cəbhəsi və Ümid partiyaları imzalayıb.

Müraciətdə dövlət başçısının nəzərinə çatdırılıb ki, Azərbaycanın tanınmış hüquqşünaslarından biri İntiqam Əliyevin hüquqları Türkiyədə pozulub. Məktubda qeyd olunub ki, 6 iyul 2011-ci ildə vətəndaş cəmiyyəti təmsilçilərinin toplantısından qayıdarkən İstanbuldakı hava limanında polis məmurunun kobud davranışına etiraz etdiyinə görə, İntiqam Əliyevin təyyarə bileti ləğv olunub, özü isə aeroportda polis saxlama mərkəzində 1 sutka saxlanıldıqdan sonra Türkiyədən deportasiya edilib. Vəkil həmin gün hava limanında çoxsaylı insanın gözü qarşısında Alaittin Sarıkaya və Selahittin Erkaraca adlı mülki geyimli polis məmurları tərəfindən fiziki zorakılışa məruz qalıb.

Müraciətdə bildirilib ki, İ. Əliyevə qarşı baş verən bu zorakılıq Azərbaycanın demokratik düşərgəsində ciddi narazılıq yaradıb: “Bu yaxınlarda hüquqşünasa göndərilən sənədlərdən aydın olub ki, günahkarlar nəinki cəzalandırılmayıb, əksinə, İntiqam Əliyev barəsində cinayət işi başlanıb və ona qarşı Türkiyə Cəza Qanununun hədə-qorxu gəlmə, təhqir və dövlət məmurunun öz vəzifəsini icra etməsinə maneçilik törətmə ittihamı irəli sürülüb. Bu ittihamlarla hüquqşünası 6 aydan 3 ilə qədər həbs cəzası gözləyir”.

Məktubda partiya rəhbərləri Türkiyə prezidentinin bu işi nəzarətdə saxlayacağına ümidvar olduqlarını da bildiriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR