Azərbaycan idmançısı Avropa çempionatında yeni rekord vurdu

Azərbaycan idmançısı Avropa çempionatında yeni rekord vurdu
# 28 avqust 2012 09:44 (UTC +04:00)
Bakı – APA. Rumıniyanın paytaxtı Buxarestdə ağır atletika üzrə yeniyetmələr arasında 10-cu Avropa birinciliyinə start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə mübarizəyə qoşulan Azərbaycan millisinin ağırlıqqaldıranı Valeh Baxşalızadə körpücük üzərinə çıxıb və Avropa çempionu tituluna yiyələnib.

Belə ki, 50 kq çəki dərəcəsində mübarizə aparan gənc atletimiz birdən qaldırma hərəkətinə uğurla başlayıb. Əvvəlcə 83 kq-ı başı üzərinə qaldıran 15 yaşlı idmançımız, daha sonra 88 kq-ı ram edib. Lakin Valeh son cəhdində 91 kq- sifariş versə də, qaldıra bilməyib və bu hərəkətdə 3-cü yeri tutdu.

Təkanla qaldırma hərəkəti idmançımız üçün daha yaxşı keçdi. “Zirvə” İdman Klubunun yetirməsi olan Baxşəlizadə ilk cəhdində 111 kq-ı qaldırıb. Daha sonra 116 kq-ın öhdəsindən gələn edən Valeh bununla Avropa çempionluğunu rəsmiləşdirib. O, 3-cü cəhdində sifariş verdiyi 120 kq-ı qaldıra bilməməsinin isə nəticəyə heç bir əhəmiyyəti olmayıb.

Beləliklə, toplamda 204 kq (88 kq + 116 kq) nəticə göstərən idmançımız ən yaxın izləyicisi rusiyalı atlet Oleq Musoxranovu 5 kq qabaqlayıb.

Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxan Valeh bununla yanaşı, daha bir uğura imza atıb. O, yeniyetmələr arasında təkanla qaldırmada qitə rekordunu da yeniləyib. 8 il əvvəl – 2004-cü il iyulun 28-də Norveçin Stavanger şəhərində keçirilən Avropa çempionatında rusiyalı Pavel Suxanov 115 kq-lıq ştanqı başı üzərinə qaldıra bilmişdi. Həmyerlimiz isə ikinci yanaşmasında 116 kq-ı ram edərək, bu rekordu qırıb. İdmançımız üçüncü yanaşmasında sifariş verdiyi 120 kq-ı da qaldıra bilsəydi, o həm bu, həm də toplamda rekordu (207 kq) da yeniləyəcəkdi.

Qeyd edək ki, Avropa birinciliyində Azərbaycanı baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında Valeh Baxşalızadə ilə yanaşı, Kənan Əliquliyev (62 kq), Elxan Əliqulizadə (69 kq), Kamran Beskov (77 kq), Dadaş Dadaşbəyli (85 kq) və Azər Məmmədli (+ 94 kq) təmsil edirlər. Yarışa sentyabrın 1-də yekun vurulacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR