ASAN xidmət mərkəzlərinə gündə 1500-2500 müraciət olacaq

ASAN xidmət mərkəzlərinə gündə 1500-2500 müraciət olacaq
# 06 noyabr 2012 14:04 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. ASAN Xidmət Mərkəzləri yaxın 2 ayda işə düşəcək. Bu barədə «APA-Economics»ə ASAN xidmətinin beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Tural Səlimov məlumat verib.

T.Səlimov bildirib ki, ilk olaraq 3 mərkəzin fəaliyyətə başlaması nəzərdə tutulur. Bu mərkəzlər Bakıda fəaliyyət göstərəcək. Tələbat olduqca belə mərkəzlər digər rayon və şəhərlərdə də yaradılacaq.

Qeyd edək ki, dövlət başçısının müvafiq sərəncamına və xidmətin əsasnaməsinə əsasən, ASAN xidmət mərkəzləri 9 dövlət orqanının təqdim etdiyi 23 xidmət göstərəcək. Ölkə vətəndaşları bu xidmətlərin hamısından eyni vaxta istifadə edə biləcəklər.

ASAN xidmət mərkəzlərində həmin xidmətləri təqdim edən digər dövlət orqanlarının əməkdaşları da çalışacaq. Artıq həmin əməkdaşlar seçilib və onlara müvafiq təlimlər keçilib. Bu əməkdaşlar öz qurumlarındakı qədər əmək haqqı alacaqlar, bununla yanaşı, onlara ASAN xidmətləri çərçivəsində əlavələr də ödəniləcək.

Qeyd edək ki, xidmət haqqında əsasnaməyə əsasən, burada göstərilən xidmətlərə görə tutulan dövlət rüsumu və digər rəsmi ödənişlərin 30%-i burada çalışan əməkdaşların sosial şəraitinin yaxşılaşdırılmasına sərf ediləcək.

ASAN xidmət mərkəzləri həftənin bütün günləri, yəni istirahətsiz olaraq hər gün saat 09:00-dan 20:00-dək çalışacaq. Bu, gündəlik işlə məşğul olan vətəndaşlara bu xidmətlərdən işdən sonra da istifadə etməyə imkan verəcək. Hər mərkəzdə 15 ASAN əməkdaşı, eləcə də digər dövlət qurumlarının 50-60 əməkdaşı çalışacaq. Günün saatlarından və həftənin günlərindən asıl olaraq ASAN xidmət mərkəzlərinə gündə 1500-2500 müraciətin daxil olacağı nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR