Bank Of Baku

Məzahir Pənahov: “Ötən seçkilərdən dövlət büdcəsinə vəsaiti qaytarmayan namizədlərə yenidən pul ayrılmasına mane olmayacağıq”

Məzahir Pənahov: “Ötən seçkilərdən dövlət büdcəsinə vəsaiti qaytarmayan namizədlərə yenidən pul ayrılmasına mane olmayacağıq”
# 28 iyul 2008 14:44 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinin elan edilməsi ilə bağlı qərar qüvvəyə mindikdən sonra seçkilərdə namizədlik iddiasında olan vətəndaşların müraciətlərini qəbul edəcək. APA-nın məlumatına görə, bu barədə MSK sədri Məzahir Pənahov qurumun bugünkü iclasından sonra keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, MSK 5 gün müddətində vətəndaşın müraciətini araşdıracaq və müraciət qanunun tələblərinə uyğun olarsa, həmin şəxsə imza vərəqələri veriləcək. M. Pənahov namizədlərin qeydiyyatının avqustun sonuna kimi davam edəcəyini deyib. Namizədlərin pulsuz efir vaxtından istifadə edəcəyini deyən M. Pənahov bu xidmətin İctimai Televiziya tərəfindən həyata keçiriləcəyini vurğulayıb. Bundan əlavə, təsisçisi dövlət olan dövrü mətbuatda və radioda da namizədlərə təbliğat-təşviqat üçün yer ayrılacaq. İTV-də namizədlərə ayrılacaq vaxt püşkatma ilə müəyyənləşəcək: “Təşviqat materialları isə yerli icra orqanları tərəfindən müəyyən olunmuş yerlərdə asılacaq. Bu dəfə binaların divarlarına plakatların asılmasına icazə verilməyəcək. Şəxsi mülkiyyətdə olan binaların, evlərin divarlarına isə yalnız həmin evin sahibinin razılığından sonra plakat yapışdırmaq olar”. M. Pənahov onu da qeyd edib ki, qanun ötən seçkilərdə dövlət büdcəsindən maliyyə vəsaiti almış, lakin 3 faizlik baryeri aşmamasına baxmayaraq, həmin vəsaiti qaytarmayanlara yenidən pul ayrılmasını qadağan edir: “Amma bu məsələ dövlət səviyyəsində həll olunur. Əgər büdcəyə nəzarət edən orqanlar dözümlülük göstərsə və həmin namizədlərə yenidən pul ayırmağa razılıq versə, biz buna mane olmayacağıq”. MSK sədri xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının seçkilərdə iştirakı üçün müvafiq şəraitin yaradılacağını, Azərbaycanın diplomatik nümayəndəlikləri olan bütün şəhərlərdə seçki məntəqələrinin yaradılacağını qeyd edib. “Azadlıq” blokunun seçkiləri boykot etməsi, AMİP-in seçkilərə qatılmaması, Müsavat və ADP-nin də seçkiləri boykot edəcəyi ehtimalına gəldikdə, M. Pənahov bildirib ki, bu, prezident seçkilərinin keçirilməsində heç bir problem yaratmayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR