Bank Of Baku

Rauf Arifoğlu: “Boykot atmosferini Müsavat rəhbərliyində təmsil olunan bir neçə şəxsin açıqlamaları yaradır”

Rauf Arifoğlu: “Boykot atmosferini Müsavat rəhbərliyində təmsil olunan bir neçə şəxsin açıqlamaları yaradır”
# 31 iyul 2008 16:38 (UTC +04:00)
- Son günlər Müsavat Partiyasının prezident seçkilərini boykot edəcəyi ilə bağlı ehtimallar artıb. Siz Məclisin iclasında hansı qərarın qəbul ediləcəyini gözləyirsiniz?

- Partiya strukturlarından bir az məlumatı olan adam kimi deyə bilərəm ki, yerli təşkilatlarda, sıravi üzvlərdə seçkidə iştirak etmək əhvalı daha yüksəkdir və bu, gündən-günə güclənir. İnsanlar haqlı olaraq hesab edirlər ki, İsa Qəmbər namizədliyini irəli sürsə, faktiki olaraq müxalifətin vahid namizədi olacaq. Çünki demokratik düşərgənin digər təmsilçilərindən heç kim seçkidə iştirak etmir. Ya imkanları yoxdur, ya da boykot taktikasını seçiblər. Çox təəssüf ki, ümumi vəziyyətin əksinə olaraq Müsavat rəhbərliyində boykot əhval-ruhiyyəsi üstünlük təşkil edir. Boykot atmosferini isə rəhbərlikdə təmsil olunan bir neçə şəxsin açıqlamaları yaradır. Amma sıravi müsavatçıların düşüncələri tamamilə fərqlidir, onlar mübarizə aparmaq istəyirlər. İnanıram ki, Məclisdə bu mövzuda ciddi müzakirələr gedəcək. Ona da inanmaq istəyirəm ki, müdrik bir qərar ortaya çıxacaq. Mən seçkidə iştirakın tərəfdarıyam. Nə olsa belə, bütün təşəbbüsləri göstərmək və son ana qədər mübarizə aparmaq lazımdır.

- Siz seçkidə iştirakı müdrik qərar sayırsınız?

- Mən seçkidə iştirakı müdrik və düzgün qərar hesab edirəm.

- İsa Qəmbərin də artıq boykota meylləndiyi bildirilir. Hətta bu gün keçirilən toplantıların birində etdiyi çıxışında o, Müsavat Məclisi boykot qərarı verəcəyi halda heç kimi təəccüblənməməyə çağırıb.

- İsə bəy bizim qəzetə də deyib ki, boykot qərarı ola bilər. Müsavatın seçki ilə bağlı qərarında da boykotun seçilə biləcəyi istisna edilməyib. Amma mən bilən İsa Qəmbər hələ qəti sözünü deməyib və böyük ehtimalla bu söz Məclisin iclasında deyiləcək. Mən bilirəm ki, İsa Qəmbər seçkilərdə iştirak etmək istəyir. Əgər iştirak etməmək barədə qərara gəlibsə, inanıram ki, bunun üçün çox ciddi əsasları var və o əsasları öyrənməyə çalışacağam.

- Sizcə, seçkidə iştirak Müsavata nə verəcək?

- Bu, partiyaya o imkanı verəcək ki, demokratik düşərgənin pərakəndə vəziyyətdə olan qüvvələrini Müsavatın çatısı altına yığsın. Bu dəqiqə ənənəvi müxalifət düşərgəsi seçkilərə münasibət məsələsindən tutmuş ən müxtəlif problemlərə görə param-parça vəziyyətindədir. Partiyaların üst qurumları bir-biri ilə mübarizə aparır, bir-birini xəyanətdə suçlayırlar. Amma yerli strukturlar hamısı seçkidə iştirakın tərəfdarıdır. AXCP-çilər də, KXCP-çilər də, müsavatçılar da, ADP-çilər də - hamı istəyir ki, seçkidə iştirak baş versin və ən pis halda heç olmasa seçkidən sonra demokratik düşərgə bitkin bir qüvvə halına gəlsin. Eyni ilə Ermənistan və Gürcüstanda olduğu kimi... Ona görə də Müsavat seçkidə iştirak etsə, faktiki olaraq bütün qüvvələrin arzusunu ifadə etmiş olacaq. Eyni zamanda bu, Müsavat üçün böyük bir avantajdır. Çünki hakimiyyətdən narazı qüvvələr yalnız demokratlardan ibarət deyil, vaxtilə hakimiyyətə yaxın olmuş şəxslər arasında da iqtidardan narazılar var. Bu sıraya mühacirətdə olan xeyli azərbaycanlı, çoxlu iş adamı da daxildir. Müddəti bitən hakimlər, prokurorlar, gələcəyə limiti qalmayan nazirlər, nazir müavinləri, komitə sədrləri, idarə müdirləri var ki, onlar da dəyişiklik gözləyirlər. İqtidar içərisində də elə qüvvələr var ki, onlara müxalifətin güclü olması lazımdır, bunsuz onların əhəmiyyəti qalmır. Ona görə də irəli çıxan müxalifət qüvvəsi üçün ölkədə çox münbit bir baza var. Bundan istifadə etmək çox vacibdir. Hesab edirəm ki, mənim gördüklərimi başqanımız da görür və düşünürəm ki, o, məhz bu görüntüdən çıxış edəcək, yanında olan hansısa funksionerlərin təslimçi əhvalına görə yox, gördüklərinə, bildiklərinə, inandıqlarına əsasən qərar verəcək.

- Partiya seçkiyə qatılanda ən böyük hədəfi qalib gəlmək olur. Amma Siz Müsavatın əldə edə biləcəkləri sırasında qələbə amilini göstərmədiniz. Müsavatın qalib gəlmək şansı yoxdur?

- Qalib gəlmək şansı həmişə var. Amma bunun üçün gərək öncə seçkidə iştirak edəsən. Başqa cür necə qələbə, ya da məğlubiyyət barədə danışmaq olar? Amma digər tərəfdən, seçkilərə yalnız qalib gəlmək üçün getmək düzgün deyil. Seçki bir prosesdir, burada qalib gəlmək də mümkündür, məğlub olmaq da... Bu zaman onu düşünmək lazımdır ki, 2008-ci ildən sonra da Azərbaycanda həyat davam edəcək, müxalifət qüvvələrinin fəaliyyətinə ehtiyac olacaq. Heç olmasa seçkidən sonra Ermənistan və Gürcüstandakı kimi güclənmiş müxalifət qismində formalaşmaq və siyasi səhnədə qalmaq zərurəti var. Mən əvvəlki cavabımda bizi dəstəkləyə biləcək geniş bir spektri göstərdim. Əslində, bütün narazı elektoratla birlikdə bu, xalq deməkdir. Ona görə də qələbədən danışmaq mümkündür və bu tamamilə realdır. Azərbaycanda böyük narazılar ordusu var. Ona görə də qələbə mümkündür, amma təkcə qələbə üçün yox, eyni zamanda mövcudluq üçün, 2010, 2013-cü il hədəfləri üçün qüvvələri toparlamaq baxımından seçkilərdə iştirakın böyük əhəmiyyəti var.

- Partiya seçkiləri boykot qərarı qəbul etsə, hansı addımı atacaqsınız?

- Bu qərarın qəbul olunmaması üçün çalışmaqdayam və çalışacağam. Belə bir qərar olsa, ondan sonra öz mövqeyimi açıqlayacağam.

- Sizin özünüzün prezidentliyə namizədliyinizi irəli sürməyiniz mümkündürmü?

- Bu barədə düşünürəm. Partiya seçkilərdə iştirak etməsə, mən bu düşüncəmi ən azı səsləndirməyə çalışacağam və dostlarımla bölüşəcəyəm.

- Yaxın çevrənizlə bununla bağlı müzakirələr olubmu?

- Olub. Bu məsələ ilə bağlı müəyyən müzakirələr aparırıq.

- Sülhəddin Əkbərin Məclis sədri olmasından sonra Müsavata maliyyə yardımlarının dayandığını bildirmisiniz. Bu yardımlar niyə dayanıb? Sülhəddin Əkbər bu yardımların qarşısını alır, yoxsa Məclis sədri olduğuna görə partiyaya yardım edilmir?

- Bu adamın partiyada ikinci şəxs olmasından sonra Müsavat Partiyasında ciddi keyfiyyət dəyişikliyi yaranıb, partiya geriləyib, təşkilatda inamsızlıq mühiti və səssizlik yaranıb. Hamı ona iqtidarın və hakim regionun adamı kimi baxır. Bu səbəbdən də yaxın gələcəkdə Müsavatı S. Əkbərin əli ilə hakimiyyətin özəlləşdirəcəyinə dair iddialar var. Bu cür iddialar da inamı azaldır. Partiyanın ətrafında olan bir sıra imkanlı adamlar Sülhəddin Əkbərlə şəxsi münasibətlərinə görə partiyaya yardımı dayandırıblar. Faktiki olaraq bu gün partiya pulsuz vəziyyətdədir. Vəziyyətin bu həddə çatmasında Sülhəddin bəyin adının və siluetinin olduqca böyük rolu var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR