Bank Of Baku

Azərbaycan Milli Məclisi Mənzil Məcəlləsini ikinci oxunuşda qəbul edib

Azərbaycan Milli Məclisi Mənzil Məcəlləsini ikinci oxunuşda qəbul edib
# 24 fevral 2009 12:15 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin yaz sessiyasının bu gün keçirilən iclasında Mənzil Məcəlləsi layihəsinin müzakirəsi davam etdirilib. APA-nın məlumatına görə, layihə ilə bağlı çıxış edən deputatlar irad və təkliflərini bildiriblər. Deputat Məlahət Həsənova qeyd edib ki, Azərbaycanda ailə quran şəxslər boşanandan sonra mənzil hüququ ilə bağlı problemləri yaranır. Ölkədə nikahsız yaşayanların nikahlı yaşayanlardan çox olduğunu bildirən millət vəkili Mənzil Məcəlləsi qəbul olunmaqla yanaşı, Ailə Məcəlləsinə də bəzi dəyişikliklərin edilməsini təklif edib. M. Həsənova, həmçinin, ölkədə baş verən intihar hallarından da danışıb. Deputat ölkədə intihar hallarının artdığını, bu barədə telekanallarda, mətbuatda verilən məlumatların əhali arasında narahatlıq yaratdığını bildirib. Deputat telekanallarda intihar halları, kriminal, qətl hadisələrindən bəhs edən kadrların, filmlərin nümayiş etdirilməsinin insanların əsəblərinə təsir etdiyini əsas gətirərək, bunun qarşısı alınmalı olduğunu vurğulayıb. Deputat MM sədri Oqtay Əsədova müraciət edərək, nüfuzunuzdan istifadə edib belə halların qarşısının almaq üçün tədbirlər görməyi xahiş edib.

M. Həsənovanın fikirlərinə münasibət bildirən O. Əsədov isə bildirib ki, Azərbaycanda nikahsız şəxslərin nikahlılardan çox olması barədə statistika yoxdur.

Millət vəkili Qənirə Paşayeva yeni tikilən mənzillərdə kommunal problemlərin illərlə həllini tapmadığını diqqətə çatdırıb.

Millət vəkili Qüdrət Həsənquliyev isə qeyd edib ki, vətəndaşların mülkiyyəti dövlət məqsədləri üçün alınanda onlara ödənilməli olan vəsait qabaqcadan verilməlidir.

Deputat Gülər Əhmədova isə qəza vəziyyətində olan binalarla bağlı ölçü götürülməsini təklif edib. O, hazırda Bakıda 10-dək qəzalı binanın olduğunu, onlardan birinin də Mili Məclisin yaxınlığında yerləşdiyini qeyd edib.

Müzakirələrdən sonra Mənzil Məcəlləsi layihəsi ikinci oxunuşda qəbul edilib.

Spiker Oqtay Əsədov bildirib ki, layihə üçüncü oxunuşa təqdim olunana qədər sənəd ictimaiyyətin müzakirəsinə çıxarılacaq.

İclasda “Yol hərəkəti haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi də müzakirə edilib.

Millət vəkili Pənah Hüseyn qeyd edib ki, şəxsi avtomobili olmasa da, yol hərəkəti qaydalarının tez-tez pozulması halları ilə rastlaşır. O, bu halların aradan qaldırılması, yol işarələrinin düzgün quraşdırılması ilə bağlı təkliflərini açıqlayıb.

Deputat Siyavuş Novruzov isə ona “Özünü yaxşı aparsan, maşın problemin həll olunar” replikası ilə cavab verib. Bununla bağlı iki deputat arasında mübahisə yaranıb.

Layihə ilə bağlı fikirlərini bildirən S. Novruzov hər il Azərbaycanda yol hərəkəti qaydalarının pozulması nəticəsində mindən çox insanın öldüyünü qeyd edib. O, Bakıda xarici ölkə səfirliklərinin binalarının qarşısında işıqforların qoyulmasının insan hüquqlarının pozulması kimi dəyərləndirib. S. Novruzov müvafiq qurumların bu barədə düşünməsinin vacib olduğunu qeyd edib.

Müzakirələrdən sonra layihə qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR