Bank Of Baku

“Şabran” sözünün mənası Milli Məclisdə ciddi müzakirə predmetinə çevrilib

“Şabran” sözünün mənası Milli Məclisdə ciddi müzakirə predmetinə çevrilib
# 25 fevral 2009 12:59 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Azərbaycanın Dəvəçi rayonunun adının dəyişdirilərək Şabran adlandırılması ilə bağlı məsələ Milli Məclisin Regional məsələlər daimi komissiyasında müzakirə olunarkən “Şabran” sözünün etimologiyası ciddi müzakirə predmetinə çevrilib. APA-nın məlumatına görə, buna səbəb iclasda komissiya üzvlərindən birinin “Şabran” sözünün mənasını soruşması olub. Məsələ ətrafında uzun müzakirələr aparılsa da, “Şabran” sözünün hansı mənanı ifadə etdiyinə dair konkret fikir bildirilməyib. Qərara alınıb ki, məsələ parlamentin plenar iclasında müzakirəyə çıxarılana kimi “Şabran” sözünün etimologiyası dəqiq araşdırılsın.

APA məsələnin aktuallığını nəzərə alıb, bu sözün hansı mənanı ifadə etməsi ilə bağlı kiçik araşdırma aparıb. Məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu və Milli Məclis yanında fəaliyyət göstərən Toponimiya Komissiyasının cavabı təəssüfləndirici olub. Hər iki qurumdan bu sözün hansı mənanı ifadə etməsi ilə bağlı suala “bilmirik” cavabı verilib.

Araşdırmalar nəticəsində isə “Şabran” sözü ilə bağlı bir neçə versiya ortaya çıxıb.
Azərbaycanda nəşr edilən müxtəlif tarixi kitablarda Şabran sözü “Şabiran”, “Şaporan”, “Sabiran” kimi izah edilir. Bu şəhərin adının qədim türk tayfalarından olan sabirlərin adı ilə bağlı olduğu da iddia olunur. Məlumata görə, Orta Asiya ölkələrinin bir çoxunda bu kimi oxşar yer adlarına rast gəlinir. Versiyalardan birinin isə Şabran şəhərinin V, VI əsrlərdə sasanilərin hakimiyyəti dövründə yaradılması ilə bağlıdır. Bu versiyaya görə Şabran məhz sasanilər sülaləsindən olan şah Xosrov Ənuşirəvan tərəfindən qala şəhəri kimi tikilib.

Qeyd edək ki, qədim Şabran şəhərinin xarabalıqları indiki Dəvəçi rayonunun Şahnəzərli kəndi yaxınlığındadır. Şabran şəhəri XIII, IX və sonrakı əsrlərdə dəfələrlə işğala məruz qalıb. Bir neçə dəfə güclü tənəzzül və inkişaf dövrü yaşayıb. Bu şəhər mühüm ticarət yolunun üstündə yerləşib. Şabranda ipəkçilik, dulusçuluq və digər sənət sahələri inkişaf edib. Əhalisi Şabran çayının sağ və sol sahilində yaşayıb. Uzunluğu 53 km olan Şabran çayı indiki Dəvəçi rayonun ərazisindən axır. 1979-cu ildə qədim Şabran şəhəri ilə bağlı arxeoloji qazıntılar aparılıb, şəhərlə bağlı müxtəlif məlumatlar aşkarlanıb.

SSRİ dövründə həmin ərazidə yaradılan Dəvəçi rayonunun adının dəyişdirilməsi ilə bağlı məsələ bir neçə dəfə müzakirə edilib. Bu gün Dəvəçinin adının Şabran adlandırılması ilə bağlı məsələ qanun layihəsi şəklində parlamentdə müzakirəyə çıxarılıb. Artıq rayonun adının dəyişdirilməsi müsbət qiymətləndirilərək parlamentin plenar iclasında müzakirəyə tövsiyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR