Bank Of Baku

Azərbaycan Milli Məclisinin sədri: “AŞ PA istəyirsə, 10 məruzəçi təyin etsin”

Azərbaycan Milli Məclisinin sədri: “AŞ PA istəyirsə, 10 məruzəçi təyin etsin”
# 03 aprel 2009 10:32 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Milli Məclisin yaz sessiyasının növbəti iclası başlayıb. APA-nın xəbərinə görə, gündəlikdəki məsələlərin müzakirəsinə keçməzdən əvvəl millət vəkilləri cari məsələlərlə bağlı çıxış ediblər. Deputat Musa Quliyev ictimai yerlərdə siqaret çəkilməsinin qadağan olunması haqda qanun layihəsi hazırladığını bildirib. O, layihəni rəy üçün müvafiq qurumlara göndərdiyini, sənədi MM aparatının rəhbəri Səfa Mirzəyevə də təqdim etdiyini bildirib. Spiker Oqtay Əsədov bu məsələni təqdir etdiklərini qeyd edərək bildirib ki, digər deputatlar tərəfindən də bununla bağlı layihələr təqdim olunub və bu məsləyə baxılacaq. Millət vəkili Aynur Quliyeva Azərbaycanda soyqırımı abidəsinin qoyulması prosesinin tezləşdirilməsini təklif edib.
Millət vəkili Vahid Əhmədov isə ermənilərin törətdiyi soyqırımı nəticəsində yaranan Quba məzarlığında muzey yaradılmasının vacibliyini bildirib.

Deputat İqbal Ağazadə Qarabağ problemi ilə bağlı MM-də qapalı müzakirələr aparılmasını, mövcud durum barədə millət vəkillərinə məlumat verilməsini təklif edib. İ. Ağazadə, həmçinin, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsinin cəmiyyətdə narahatlıq yaratdığını qeyd edərək, məsələyə aydınlıq gətirilməsinə ehtiyac olduğunu diqqətə çatdırıb.

O. Əsədov isə deyib ki, Azərbaycanın xanım millət vəkilləri Türkiyəyə dəvət olunublar, onların səfəri zamanı bu mövzu da müzakirə olunacaq. Spiker onu da qeyd edib ki, Bakıda Türkiyə Böyük Millət Məclisinin üzvlərinin iştirakı ilə bu sərhədlərin açılması ilə bağlı müzakirələr keçiriləcək: “Mən də hesab edirəm ki, sərhədlərin açılması Azərbaycanın xeyrinə işləyə bilməz. Biz öz işimizi görməliyik”. Millət vəkili Qüdrət Həsənquliyev də bu barədə danışaraq deyib ki, Türkiyə-Ermənistan sərhədlərin açılması yolverilməzdir: “Azərbaycan və Türkiyə xalqları bunun əleyhinədir”.

Deputat Siyavuş Novruzov 18 martda Azərbaycanda keçirilən referendumun yüksək səviyyədə keçirildiyini, müxalifətin prosesdə qanun pozuntularının olması barədə fikirlərinin əsassız olduğunu deyib.

Millət vəkili Zahid Oruc isə deyib ki, Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycana dəvət olunmalı, onunla Ermənistanla sərhədlərin açılması barədə məsələlər müzakirə olunmalıdır. Z. Oruc onu da deyib ki, Mili Məclis Avropa Şurası Parlament Assambleyasının Azərbaycana siyasi məhbuslar üzrə məruzəsi təyin etməsinə etiraz bildirməlidir. Spiker O. Əsədov buna cavab olaraq “AŞ PA istəyirsə, 10 məruzəçi təyin etsin, buyursunlar” deyib: “Onlar 2007-ci ildən sonra ölkədəki vəziyyətə baxmaq istəyirlər, təkcə siyasi məhbus məsələsinə deyil”.

Millət vəkili Pənah Hüseyn isə qeyd edib ki, AŞ PA-nın Azərbaycana siyasi məhbuslarla bağlı məruzəçi təyin etməsi ölkədəki vəziyyətin göstəricisidir. O, həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını da təklif edib.

Bundan sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR