Bank Of Baku

Sərdar Cəlaloğlu: “Eldar Namazov Qarabağ və Respublika Uğrunda Hərəkatın üzvü deyil”

Sərdar Cəlaloğlu: “Eldar Namazov Qarabağ və Respublika Uğrunda Hərəkatın üzvü deyil”
# 06 aprel 2009 12:43 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. ”Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazovun Qarabağ və Respublika Uğrunda Hərəkatın adından qətiyyən danışmaq ixtiyarı yoxdur. Çünki o, artıq hərəkatın üzvü deyil”. Bunu APA-ya açıqlamasında hərəkatın üzvü, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Onun sözlərinə görə, E. Namazov yalnız hərəkatın təsis konfransında iştirak edib, ondan sonra heç bir toplantıya qatılmayıb: “Biz çalışmışıq ki, onun hərəkatda olub-olmamasını aydınlaşdıraq. O bizə bildirib ki, ya xəstə olub, ya da ölkədə olmayıb. Bundan başqa, heç bir məlumat əldə etməmişik. Faktiki olaraq, referendum dövründə o, hərəkatın keçirdiyi heç bir tədbirdə iştirak etməyib, nə də fəaliyyətlə maraqlanmayıb. Təsis toplantısında iştirak etmək o demək deyil ki, o bu qurumun üzvüdür. Təsis toplantısında çoxlu sayda təşkilat iştirak edib. Eldar Namazov rəsmi və ya qeyri-rəsmi olaraq hərəkatda fəaliyyət göstərmir”.

S. Cəlaloğlu E. Namazovun son açıqlamalarının, hərəkatla bağlı narazılıqlarının səmimi olmadığını bildirib: “Buradan belə çıxır ki, o, məqsədyönlü şəkildə hərəkatın işində iştirak etməyib. Mən onun heç bir iradını eşitməmişəm. İndi hərəkatda fəaliyyət göstərməməsinin səbəbi kimi guya iradlarının olmasını göstərir. Amma açığı deyim ki, bunu səmimi hesab etmirəm. Çünki Eldar Namazov bir müddət əvvəl başqa səbəbə görə prosesdə iştirak etmədiyini deyirdisə, indi fərqli fikir söyləyir ki, bu ortada səmimiyyətin olmadığını göstərir. Eldar kifayət qədər ağıllı oğlandır, şəxsən mənim ona hörmətim var. Siyasətdə olmaq bu gün böyük cəsarət tələb edir. Mənə elə gəlir ki, Eldar bəyin də belə bir cəsarəti var. Amma özünün siyasi koyukturasını bütünlükdə ictimai problemə çevirməsini düzgün hesab etmirəm. Onun bizim hərəkatla bağlı dedikləri bəhanədir. Faktiki olaraq görünür onun referendumda ümumiyyətlə iştirak etmək niyyəti olmayıb”.

Eldar Namazov isə APA-ya açıqlamasında hərəkatda olub-olmaması ilə bağlı sualı konkret cavablandırmayıb: “Hərəkat təsis olunarkən mən orada iştirak etmişəm. Həmçinin bu hərəkatın yaranması üçün o zaman iki həftə intensiv müzakirələr aparılıb”.

Hazırda bələdiyyə seçkiləri ilə bağlı bəzi partiyaların qərar qəbul etdiyini bildirən E. Namazov rəhbərlik etdiyi qurumun isə hələlik mövqeyini müəyyənləşdirmədiyini deyib: “Seçkilərdə bağlı biz də mövqeyimizi müəyyənləşdirdikdən sonra hansı formatda olacağımıza qərar verəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR