Bank Of Baku

Azərbaycan Milli Məclisinin deputatı müdafiə nazirini istefaya çağırıb

Azərbaycan Milli Məclisinin deputatı müdafiə nazirini istefaya çağırıb
# 19 iyun 2009 10:53 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin (MM) bu gün keçirilən növbədənkənar iclasında cari məsələlərin müzakirəsi zamanı deputatlar bəzi problemlərə toxunublar. Deputat Fazil Mustafa ordudakı neqativ hallara mətbuatın münasibəti barədə danışıb. Millət vəkili deyib ki, bəzi mətbuat orqanları orduda baş verənləri həddən artıq şişirdir.

Deputat Yaqub Mahmudov isə Gürcüstanda Azərbaycan sərhədlərinə hörmətsizlik edildiyini bildirib: “Gürcüstanda jurnallardan birində xəritə verilib. Həmin xəritədə “David Qareci” kilsəsinin yerləşdiyi Keşişçi dağı Gürcüstan ərazisi kimi göstərilib. Bundan başqa, İranda da internet saytları Azərbaycanı İran ərazisi kimi göstərir. Bu hörmətsizlikdir, qonşuluq münasibətləri ilə bir araya sığmır. Bu məsələ parlamentə müzakirə olunmalıdır”.

Spiker Oqtay Əsədov bunun araşdırılmasına ehtiyac olduğunu deyib: “Bu, provokasiya da ola bilər. Sənədləri verin araşdırsınlar”.

Millət vəkilləri İqbal, Ağazadə, Cəmil Həsənli, Pənah Hüseyn isə QHT-lərlə bağlı qanunvericiliyə ediləcək dəyişikliklərlə bağlı məsələnin parlamentin gündəliyindən çıxarılmasını təklif ediblər. Millət vəkilləri bildiriblər ki, cəmiyyət bu dəyişikliklərin qəbul edilməsinə etiraz edir, sənədin qəbulu Azərbaycanın beynəlxalq nüfuzuna ziddir. P. Hüseyn onu da qeyd edib ki, təklif edilən dəyişikliklər əsassızdır: “Təşəbbüskarlar deməyə söz tapmırlar”.

İ. Ağazadə son bir ayda 400-ə yaxın azərbaycanlının Gürcüstandan deportasiya olunduğunu söyləyib: “Bu təzyiqlərə son qoymaq lazımıdır”.

Millət vəkili Elmira Axundova “Yol hərəkəti haqında” qanunun sərtləşdirilməsini təklif edib. Deputat həmçinin yüksək sürətlə idarə etmənin mümkün olduğu yollarda baş verən qəzalara görə sürücülərin məsuliyyətdən azad olunmasını təklif edib. Spiker O. Əsədov isə deyib ki, hazırda “Yol hərəkəti haqında” qanuna əlavə və dəyişiklər hazırlanır: “Daxili İşlər Nazirliyi ilə danışmışıq. Qanun sərtləşdiriləcək”.

Millət vəkili Qüdrət Həsənquliyev isə mətbuatda ordudakı vəziyyətin şişirdilməsi barədə çıxışlarla razılaşmayıb: “Bir zabit öz əsgərini düşmən tərəfə satırsa, belə ordunun rəhbəri heç kimin təklifini gözləmədən istefa ərizəsi yazmalıdır”. Deputat, həmçinin, MM-in ABŞ Konqresinə etiraz bəyanatı göndərməsini təklif edib: “Onlar separatçı xuntaya yardım ayırırlar. Bir tərəfdən bizim ərazi bütövlüyümüzü tanıyır, o biri tərəfdən isə separatizmi stimullaşdırılar”.

Deputat Siyavuş Novruzov QHT-lərlə bağlı qanunvericiliyə təklif edilən dəyişikliklərin şəffaflığın təmin edilməsi ilə bağlı olduğunu söyləyib. Onun sözlərinə görə, etiraz edən QHT-lər dövlət qeydiyyatı olmayanlardır.

Millət vəkili Zeynəb Xanlarova isə çıxışında xalq şairi Səməd Vurğunun ev muzeyinin vəziyyətindən danışıb: “Səməd Vurğunun qızının yasına getmişdim. Səməd Vurğunun ev muzeyini görəndə çox utandım. Muzey bərbad vəziyyətdədir. Şou əhlinə verilən qiymət Səməd Vurğuna da verilməlidir. Mən dünyanı gəzmişəm, görmüşəm ki, Azərbaycanı dünyada həm də Səməd Vurğuna görə tanıyırlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR