Bank Of Baku

“Dini etiqad azadlığı haqqında” və “Qeyri-hökumət təşkilatları haqqında” qanun layihələrinin müzakirəsi yarımçıq qalıb

“Dini etiqad azadlığı haqqında” və “Qeyri-hökumət təşkilatları haqqında” qanun layihələrinin müzakirəsi yarımçıq qalıb
# 19 iyun 2009 16:00 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Milli Məclisin (MM) bugünkü iclasında “Dini etiqad azadlığı haqqında”, “Qeyri-hökumət təşkilatları haqqında”, “Kütləvi İnformasiya Vasitələri haqqında”, “Qrant haqqında” qanunlara və İnzibati Xətalar Məcəlləsinə təklif olunan əlavə və dəyişikliklərlə bağlı müzakirələr aparılıb. APA-nın xəbərinə görə, qanunlara əlavə və dəyişikliklər barədə MM-in Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynov məlumat verib. Komitə sədri qanunlara əlavə də dəyişikliklərin zəruri olmasından danışıb, onları əsaslandırıb. Ə. Hüseynov deyib ki, təkliflər ölkədə insan hüquqlarının pozulmasına səbəb olmayacaq, bütün bunlar beynəlxalq qanunvericiliklə ziddiyyət təşkil etmir.

Müzakirələr zamanı çıxış edən millət vəkili Qüdrət Həsənquliyev deyib ki, “Dini etiqad azadlıq haqqında” qanuna dəyişikliyin tərəfdarıdır. Dini ayinləri ancaq Azərbaycanda təhsil alan şəxslərin icra etməsi ilə bağlı məqama toxunan deputat bildirib ki, bu hüquq Qafqaz Müsəlmanları İdarəsinin lisenziyası əsasında xaricdə təhsil alan şəxslərə də verilməlidir. Q. Həsənquliyev QHT-lərlə bağlı qanunvericiliyə təklif edilən əlavə və dəyişiklərdən danışaraq deyib ki, layihəni qəbul etməyə tələsmək lazım deyil: “Ölkənin əksər QHT-ləri bunun əleyhinədir. Bu sənəd müzakirələrdən sonra payızda qəbul oluna bilər”.

Millət vəkili İqbal Ağazadə də xaricdə təhsil alanlara dini mərasimlərin aparılmasında qadağa qoyulmasının insan hüquqlarının pozulması olduğunu deyib: “Qanuna əlavə və dəyişikliklərin bu şəkildə əsaslandırılması düzgün deyil. İstənilər sahə üzrə təhsil alanların ölkənin əleyhinə işləməsi mümkündür. Təhlükəsizliyin qorunması üçün başqa variantlardan istifadə etmək lazımdır”.

Deputat QHT-lərlə bağlı qanunvericiliyə təklif edilən əlavə və dəyişikliklərin isə ümumiyyətlə, gündəlikdən çıxarılmasını təklif edib. O deyib ki, bu təkliflər Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara ziddir.

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev isə bildirib ki, Azərbaycanda bəzi partiyalar QHT-lərin havadarı kimi çıxış edir, halbuki QHT-lərin buna ehtiyacı yoxdur: “Təklif edilən əlavə dəyişikliklərin bir hissəsi texniki xarakterlidir, bir hissəsi təkmilləşməyə xidmət edir, bir hissəsi isə QHT-lərin təbii narazılığına səbəb olacaq. Bəzi maddələri ümumiyyətlə, layihədən çıxarmaq lazımdır”.

İclasın vaxtı başa çatdığı üçün spiker Oqtay Əsəsdov müzakirələrin növbəti iclasda davam etdiriləcəyini deyib. Növbəti iclasın iyunun 30-da keçirilməsi nəzərdə tutulur.

MM-in bugünkü iclasında “Bədən tərbiyəsi və idman haqqında” qanun layihəsi ikinci oxunuşda, “Fərdi məlumatlar haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib. Deputatlar həmçinin Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi və Naxçıvan Muxtar Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi barədə qanun layihələrini qəbul ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR