Bank Of Baku

Ziyafət Əsgərov: “Azərbaycanın ərazi bütövlüyü müzakirə obyekti deyil”

Ziyafət Əsgərov: “Azərbaycanın ərazi bütövlüyü müzakirə obyekti deyil”
# 13 iyul 2009 12:58 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Mən Azərbaycan və Ermənistan prezidentlərinin iyulun 18-də keçiriləcək görüşündən müəyyən irəliləyiş gözləyirəm. İndiyə qədər də görüşlər olub və çox güman ki, bundan sonra da olacaq. Amma bizim üçün bir məqam aydındır ki, Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Bu, birmənalıdır”. APA-nın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov deyib. O, son vaxtlar “Madrid prinsipləri” haqqında çox danışıldığını, şəxsən bu sənədlə tanış olmadığını bildirib: “Mənim gördüyüm, bildiyim Moskva Bəyannaməsidir. Ancaq ABŞ Dövlət Departamentinin son açıqlaması ilə tanışam. Fakt ondan ibarətdir ki, ötən il qəbul olunan Moskva Bəyannaməsində Azərbaycanın ərazi bütövlüyü məsələsi birmənalı əksini tapıb. Yəni, Azərbaycanın ərazi bütövlüyü müzakirə obyekti deyil. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində heç şübhəsiz, danışıqlar aparmaq olar”.
Z. Əsgərov deyib ki, beynəlxalq hüququn norma və prinsipləri BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi, Moskva Bəyannaməsi, Avropa Şurasının qəbul etdiyi sənədlərdə göstərilib. Münaqişənin həllində hərb variantına gəlincə, Z. Əsgərov bu məsələnin həmişə gündəlikdə olduğunu bildirib: “Biz həmişə bu fikri söyləmişik və bu gün də həmin fikrimizin üstündə qalırıq ki, məsələnin sülh yolu ilə həll olunması hər iki dövlətin mənafeyinə uyğundur. Ancaq Azərbaycan dövlətinin mənafeləri, milli maraqları, ərazi bütövlüyü təmin olunmasa, təbii ki, hərb məsələsi gündəmə gələcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR