Bank Of Baku

AMİP Çində baş verən hadisələrlə bağlı qətnamə qəbul edib

AMİP Çində baş verən hadisələrlə bağlı qətnamə qəbul edib
# 16 iyul 2009 14:56 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Azərbaycan Milli İstiqlal Partiyası Çində baş verən hadisələrlə bağlı qətnamə qəbul edib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qətnamədə bildirilir ki, son günlər Cin Xalq Respublikasında, xüsusən də, Sincan-Uyğur Muxtar Vilayətində baş verən hadisələri beynəlxalq ictimaiyyət tərəfindən həyəcanla izlənilir: “Vilayətdə yaşayan uyğur türklərinə qarşı həyata keçirilən zorakılıq hallarının artması, təhlükəsizlik qüvvələrinin amansız davranışları, kütləvi qətllər, həbslər və repressiyalar Azərbaycan Milli İstiqlal Partiyasında narahatlıq doğurur. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri kimi dünyada sülhün və təhlükəsizliyin, həmçinin də, hamılıqla qəbul edilən hüquq normalarının və sivil dəyərlərin təminatçısı məsuliyyətini üzərinə götürən Çinin özündə bütün dəyərlərə sayğısız münasibət göstərilməsi anlaşılmır. AMİP hesab edir ki, bütün problemlərin həlli qarşılıqlı inam və etimad, müxtəlif inanclara hörmət, mədəniyyətlərarası dialoqdan keçir. Amma Çin hökumətinin etnik və dini dözümsüzlük nümayiş etdirməsi, zora və gücə arxalanması bu ölkədə totalitar bir rejimin hökm sürməsinin təsdiqidir. Partiya müsəlman uyğurların kütləvi qırğınlara, assimilyasiyaya, ayrı-seçkiliyə məruz qalmalarını, onların tarixi torpaqlarından deportasiya olunmalarını pisləyir”. AMİP-in qəbul etdiyi qətnamədə Çin hökumətinin etnik uyğurlara qarşı ayrı-seçkilik və assimilyasiya siyasətinə son qoyulması, Sincan-Uyğur Muxtar Vilayətində baş verən qırğınların günahkarlarının məsuliyyətə cəlb edilməsi, Çində yaşayan uyğurların bir etnos kimi beynəlxalq hüquq normalarına uyğun olaraq siyasi və mədəni hüquqlarının tanınması, uyğurlara qarşı zorakılıq hallarının dayandırılması, onların tarixi ərazilərində təhlükəsiz və sülh şəraitində yaşama haqlarının təmin edilməsi kimi tələblər yer alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR