Bank Of Baku

MSK dairə seçki komissiyalarının sədrləri üçün kurslara başlayıb

MSK dairə seçki komissiyalarının sədrləri üçün kurslara başlayıb
# 07 sentyabr 2009 10:20 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə Dairə Seçki Komissiyalarının (DSK) sədrləri üçün bu gündən kurslar başlayıb. APA-nın məlumatına görə, kursların açılışından əvvəl iştirakçılar Heydər Əliyevin məzarını ziyarət ediblər. Dövlət İdarəçilik Akademiyasının zalında keçirilən kursun açılışında çıxış edən MSK sədri Məzahir Pənahov bildirib ki, bu tədbir ölkə prezidentinin “Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar həyata keçirilir. M. Pənahov Azərbaycanda təkmilləşmiş Seçki Məcəlləsinin mövcud olduğunu və demokratik seçkilərin keçirilməsi üçün şəraitin olduğunu vurğulayıb.

Prezident Administrasiyasının qanunvericilik və hüquqi ekspertiza şöbəsinin müdiri Şahin Əliyev bələdiyyə seçkilərinin dövlət idarəçiliyində vacib institutlardan biri olduğunu və məhz bələdiyyə seçkiləri öncəsi seçki komissiyaları üçün bu kursların keçirilməsinin əhəmiyyətini qeyd edib: “Bələdiyyə seçkilərinin keçirilməsi də prosedura baxımdan çətindir, burada iştirak edən tərəflər həddən artıq çox olduğundan şikayətlər də kifayət qədər çox olur. Amma şikayətlərlə bağlı Seçki Məcəlləsində təkmilləşdirmə aparılıb və müvafiq qurumlar operativ olaraq bu şikayətləri araşdıra bilirlər”.

Prezidentin Administrasiyasının ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev Azərbaycanda seçki komissiyalarının vəziyyəti, onların seçkilərə hazırlıq səviyyəsi, seçkilərə dövlət rəhbərliyinin münasibəti barədə çıxış edib. Onun sözlərinə görə, hazırda seçki komissiyalarının hazırlığı yüksək səviyyədədir: “Əvvəllər vəfat edənlərin, yaşayış yerini dəyişənlərin də adları seçici siyahılarına salınırdı və bu məsələdə bizi ciddi şəkildə ittiham edirdilər. Siyahılar başdansovdu hazırlanırdı və bu sahədə biabırçı bir mənzərə yaranmışdı. Hamı da bir-birini günahlandırırdı. Amma indi seçici siyahılarında heç bir problem yoxdur və real seçici siyahıları hazırlanıb”.

Tədbirdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev “Azərbaycan respublikasının Konstitusiyası ilə verilən seçki hüquqlarının həyata keçirilməsi. Konstitusiyaya əlavə və dəyişikliklər”, Milli Məclisin komitə sədri Arif Rəhimzadə isə “Yerli özünüidarə orqanı – bələdiyyələrin fəaliyyəti ilə əlaqədar qanunvericilik bazası. Bələdiyyələrin statuslarının əsasları” mövzusunda məruzə ilə çıxış ediblər.

Kurs bir həftə davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR