Bank Of Baku

Azərbaycan prezidenti: “Bizim məqsədimiz inkişaf etmiş ölkələr sırasına daxil olmaqdır”

Azərbaycan prezidenti: “Bizim məqsədimiz inkişaf etmiş ölkələr sırasına daxil olmaqdır”
# 16 sentyabr 2009 09:26 (UTC +04:00)
Prezident İlham Əliyev mərasimdə çıxış edərək 15 il əvvəl müstəqil Azərbaycanın həyatında çox əlamətdar və son dərəcə həlledici hadisə baş verdiyini bildirib. Müstəqilliyin ilk illərinin Azərbaycan üçün çox ağır keçdiyini xatırladan dövlət başçısı, “Əsrin müqaviləsi”nin imzalanmasının ölkəmizin qarşısında yeni imkanlar açdığını diqqətə çatdırıb: “Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda vəziyyət sabitləşməyə başlayıb, xoşagəlməz halların qarşısı alınıb, ölkəmiz uğurlu inkişaf yoluna qədəm qoyub.
“Əsrin müqaviləsi” ölkəmizin uzunmüddətli inkişafını sürətləndirib”.

İlk dəfə böyük transmilli konsorsiumun yaradıldığını diqqətə çatdıran prezident bildirib ki, konsorsiuma daxil olan dünyanın nüfuzlu şirkətləri, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) uğurlu işbirliyinə başlayıb, Xəzər dənizi beynəlxalq əməkdaşlığa açılıb. Bundan başqa, müqavilə ilk dəfə Xəzərin karbohidrogen ehtiyatlarının beynəlxalq bazarlara çıxarılmasına imkan verib.

Sənədin çox böyük siyasi əhəmiyyəti olduğunu vurğulayan dövlət başçısı “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycana böyük investisiya axınının başladığını qeyd edib: “Bu investisiyalar Azərbaycanda neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da inkişafına imkan yaradıb”.

“Əsrin müqaviləsi” imzalanarkən Azərbaycanın milli maraqlarının tam təmin olunduğunu vurğulayan prezident İ. Əliyev ölkəmizin bu müqavilənin həyata keçirilməsi ilə uğurlu inkişaf yoluna qədəm qoyduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycanın müstəqil ölkə kimi dünya birliyinə inteqrasiyası böyük dərəcədə “Əsrin müqaviləsi”nin imzalanması ilə bağlıdır.

Müqavilənin çox sürətlə həyata keçirildiyini xatırladan dövlət başçısı dünya bazarlarına birbaşa çıxışı olmayan Azərbaycan neft-qaz kəmərlərinin tikintisinin də uğurla həyata keçirildiyini söyləyib: “Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsi ikinci tarixi hadisə olub. Bu, təkcə Azərbaycan üçün deyil, eyni zamanda region ölkələri üçün də böyük əhəmiyyət daşıyır. Hazırda bu kəmərin əhəmiyyəti daha da artıb, Azərbaycan tranzit ölkəyə çevrilib. Ölkənin enerji təhlükəsizliyi tam təmin olunub, enerji resursları artıq dünya bazarına çoxşaxəli yollarla nəql edilir”.

Bu il Azərbaycanda neft hasilatının 45 milyon tondan çox, qaz hasilatının isə 30 milyard kubmetrə yaxın olacağını diqqətə çatdıran prezident İ. Əliyev hasilatın gələcəkdə daha da artacağını deyib: “Bu gün Azərbaycanın enerji siyasəti regional müstəvidən çıxıb, qlobal müstəviyə daxil olub. Azərbaycanın neft-qaz ixrac edən etibarlı ölkə kimi dünya birliyi üçün önəmi daha da artıb. Biz enerji təhlükəsizliyi məsələlərində çox fəal iştirak edirik”.

Dövlət başçısı Azərbaycanın hazırda sürətli inkişaf dövrünü yaşadığını qeyd edərək, ölkənin valyuta ehtiyatlarının 18 milyard dollardan çox olduğunu vurğulayıb: “Son beş ildə Azərbaycanın dövlət büdcəsi 10 dəfədən çox artıb, 2003-2008-ci illərdə ümumi daxili məhsul 2,6 dəfə çoxalıb, 800 minə yaxın yeni iş yeri açılıb, yoxsulluğun səviyyəsi 49 faizdən 13 faizə enib”.

Azərbaycanda şəffaflığın təmin olunduğunu bildirən prezident İlham Əliyev 1999-cu ildə yaradılan Dövlət Neft Fondunun BMT-nin şəffaflıq mükafatına layiq görüldüyünü diqqətə çatdırıb.

Ölkədə aparılan islahatların beynəlxalq qurumların hesabatlarında əksini tapdığını xatırladan dövlət başçısı bildirib ki, Dünya Bankı 2008-ci ildə Azərbaycanı bir nömrəli islahatçı ölkə elan edib: “Bizim məqsədimiz inkişaf etmiş ölkələr sırasına daxil olmaqdır. Buna nail olmaq üçün islahatlar davam etdirilməlidir. Neftdən əldə olunan gəlirlər təhsilə, səhiyyəyə, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına sərf olunur, yeni, müasir infrastruktur yaradılır. Dünyada maliyyə böhranının hökm sürməsinə baxmayaraq, bu ilin səkkiz ayında Azərbaycan iqtisadiyyatı 5 faiz artıb. Azərbaycan müasir, sabit, güclü iqtisadiyyata malik ölkədir”.

Prezident çıxışının sonunda Azərbaycan xalqını “Əsrin müqaviləsi”nin 15-ci ildönümü münasibətilə təbrik edib.

Mərasimdə ARDNŞ prezidenti Rövnəq Abdullayev, “bp-Azərbaycan” şirkətinin prezidenti Rəşid Cavanşir, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Andris Piebalqs nitq söyləyib.

ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsinin müavini Daniel Ştayn isə Birləşmiş Ştatların dövlət katibi Hillari Klintonun təbrik məktubunu oxuyub. D. Ştayn deyib ki, Azərbaycan ABŞ-ın strateji tərəfdaşıdır və nəql marşrutlarının həyata keçirilməsi ilə bağlı ideyaları dəstəkləyir.

Mərasimdə “Əsrin müqaviləsi”nin 15-ci ildönümünə həsr olunmuş filmin nümayişindən sonra incəsənət ustalarının ifasında konsert proqramı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR