Bank Of Baku

BAXCP-nin Konstitusiyaya əlavələr edilməsinə dair təkliflərinə həsr olunmuş dəyirmi masa keçirilib

BAXCP-nin Konstitusiyaya əlavələr edilməsinə dair təkliflərinə həsr olunmuş dəyirmi masa keçirilib
# 23 sentyabr 2009 11:46 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) Azərbaycan Konstitusiyasına əlavələr edilməsinə dair təklif etdiyi layihə ilə bağlı partiya qərargahında dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə BAXCP rəhbərliyi, Ədalət, Yeni Azərbaycan, Böyük Quruluş partiyalarının nümayəndələri, QHT təmsilçiləri, hüquqşünaslar iştirak edib. Mətbuatın iştirakı olmadan keçirilən toplantıdan sonra jurnalistlərə açıqlama verən BAXCP sədri Qüdrət Həsənquliyev bildirib ki, təqdim olunan layihədə Konstitusiyanın 8 maddəsinə əlavələr təklif olunur. Bu dəyişikliklərdə siyasi partiyaların, həmkarlar ittifaqlarının, ictimai birliliklərin və KİV-lərin inkişafına dövlət yardımının göstərilməsi təklif edilir, həmçinin Nazirlər Kabinetinin səlahiyyətlərinin artırılması barədə də təkliflər irəli sürülür. Q. Həsənquliyev Azərbaycanda baş nazirin səlahiyyətlərinin olmadığını qeyd edib: “Azərbaycanda baş nazir yalnız qərarları icra edir. Amma biz təklifdə göstəririk ki, Nazirlər Kabineti həm də müvafiq dövlət proqramlarının hazırlanıb dövlət rəhbərliyinə təqdim olunmasını həyata keçirsin, işlək bir quruma çevrilsin. Həmçinin, parlament Nazirlər Kabinetinin hesabatını qeyri-qənaətbəxş hesab etdikdə Milli Məclisin qərarı dərc olunan kimi baş nazir istefa verməlidir. İstefa vermiş baş nazir növbəti parlament seçkilərinə kimi baş nazir təyin oluna bilməz. Bundan başqa baş nazirə ayrı-ayrı nazirlərin, dövlət qulluqçularının təltif olunması və cəzalandırılması ilə bağlı prezidentə təqdimat vermək səlahiyyətinin verilməsini, hökumətin təşkili ilə bağlı baş nazirin təkliflər irəli sürmək səlahiyyətinin olmasını təklif edirik”.

Layihədə 9 üzvdən ibarət Məhkəmə Şurasının yaradılması, Şura üzvlərinin elmi-pedaqoji fəaliyyət istisna olunmaqla digər fəaliyyət növləri ilə məşğul olmasının yolverilməzliyi təklif edilir: “Bu şura hakimlərin seçilməsi, onları vəzifədən kənarlaşdırmaqla bağlı prezidentə təqdimat yazmaq hüququna malik olmalıdır. Şura tam müstəqil olaraq fəaliyyət göstərməlidir. Bu təklif reallaşarsa, hakimlərin müstəqilliyinə şərait yaranacaq, onların icra orqanlarından asılılığı aradan qalxacaq”. Təklif olunan layihədə həmçinin Dövlət istintaq Komitəsinin yaradılması ideyası da var.

Partiya sədri bildirib ki, layihənin parlamentdə qəbul olunması üçün 65 millət vəkilinin dəstəyi lazımdır. Parlamentdə Yeni Azərbaycan Partiyasının çoxluq təşkil etdiyini və bu partiyanın dəstəyi olmadan layihənin qəbulunun mümkünsüzlüyünü dilə gətirən Q. Həsənquliyev bildirib ki, layihə ilə bağlı hakim partiya ilə məsləhətləşmələr aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR