Bank Of Baku

İqbal Ağazadə: “Müsavat bizimlə şərtlə danışa bilməz”

İqbal Ağazadə: “Müsavat bizimlə şərtlə danışa bilməz”
# 24 sentyabr 2009 13:23 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Ümid Partiyası Qarabağ və Respublika Uğrunda Hərəkatdan çıxa bilər. Bu barədə APA-ya partiyanın sədri İqbal Ağazadə məlumat verib. Onun sözlərinə görə, hərəkatda təmsil olunan Müsavat Partiyası Ümid Partiyasının seçki komissiyalarında olan üzvlərinin geri çağırılması şərti ilə çıxış edir. Bu şərti qəbul etmədiklərini deyən İ. Ağazadənin sözlərinə görə, Müsavat rəhbərliyi təklif edir ki, müxalifət seçkilərə komissiyalarda təmsil olunmadan getsin: “Hər şeydən imtina edib, seçkilərə getmək məntiqə uyğunlaşmır. Müsavat rəhbərliyi bildirir ki, əgər belə bir addım atılarsa, bu, seçkilər öncəsi ölkədə böyük ajiotaja səbəb ola, həmçinin beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycana cəlb edə bilər. Lakin məntiq belədir ki, mən özümdən aşağı strukturlara nədənsə imtinanı tövsiyə edirəmsə, gərək birinci özüm parlamentdən imtina edəm. Əgər mən parlamentdən imtina edirəmsə, hərəkatda olan partiyalardan olan deputatlar, xüsusilə “Müsavat” deputat qrupunun üzvləri də mandatlarından imtina etməlidirlər. Bax bu, daha böyük ajiotaj olardı”. Partiya sədri qeyd edib ki, heç kim onlarla şərtlə danışa bilməz: “Bu hərəkat referendum öncəsi yaradılıb və nə o zaman, nə də may ayında bələdiyyə seçkilərində birgə iştirakla bağlı qərar qəbul olunanda bu şərt irəli sürülüb. O zaman da komissiyalarda Ümid Partiyasının üzvləri var idi. Əgər bu, Müsavat Partiyasının indi yadına düşübsə, bu başqa məsələ. Bu şərtlər indi irəli sürülürsə, bunun siyasi reallıq, yoxsa cığallıq olduğunu müəyyənləşdirmək bizim üçün də çətindir”. İ. Ağazadə bildirib ki, onlar hərəkat daxilində ortaq mövqelərin tapılmasına çalışacaqlar: “Tapılmasa, bu faciə deyil”.

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə APA-ya bildirib ki, hakimiyyət onlara bütün seçki komissiyalarında yer təklif edib. Amma Müsavat rəhbərliyi müxalifəti və cəmiyyətin maraqlarını gözləyərək, seçki komissiyalarının paritet əsaslarla formalaşması tələbini irəli sürərək bu yerlərdən imtina edib: “Bu baxımdan, müxalifət hesab oluna digər təşkilatların da komissiyalara nümayəndə təyin etməməsi tələbinin irəli sürülməsi təbiidir”. A. Hacılı bildirib ki, bu gün müxalifət üçün başlıca prinsipial məsələ seçki komissiyalarının paritet əsaslarla formalaşmasıdır: “Real müxalifət partiyası olan hər bir təşkilat seçki komissiyalarının paritet əsaslarla təşkil olunmasına çalışmalıdır. Bu, Ümid Partiyasına da aiddir. Amma bu partiyanın hərəkatdan çıxarılıb-çıxarılmaması məsələsi barədə fikir səsləndirə bilmərəm. Hərəkatdan çıxmaq və seçkilərdə təkbaşına iştirak etmək Ümid Partiyasının müstəsna hüququdur”.

İ. Ağazadənin özünün, həmçinin, müsavatçı deputatların parlamentdən imtina etməsi barədə fikirlərinə gəldikdə, A. Hacılı bildirib ki, bu məsələ kifayət qədər müzakirə edilib: “Parlamentdə iştirak edib-etməməklə bağlı məsələ müzakirə edilərkən İqbal Ağazadə tamamilə fərqli mövqedə olub. Yəni o, parlamentdə iştirakın tərəfdarı kimi çıxış edib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR