Bank Of Baku

Həsən Kərimov: “Ümid Partiyası ya seçki komissiyalarındakı nümayəndələrini dəyişməli, ya da hərəkatdan uzaqlaşmalıdır”

Həsən Kərimov: “Ümid Partiyası ya seçki komissiyalarındakı nümayəndələrini dəyişməli, ya da hərəkatdan uzaqlaşmalıdır”
# 24 sentyabr 2009 16:01 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Ümid Partiyasının seçki komissiyalarındakı nümayəndələrinin geri çağırılması ilə bağlı Müsavat Partiyasının təklifi Qarabağ və Respublika Uğrunda Hərəkatda təmsil olunan partiyalar tərəfindən birmənalı qarşılanmayıb. Hərəkatda təmsil olunan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu APA-ya bildirib ki, müəyyən siyasi məna daşıyan addımları atmaq mümkündür: “Amma hər bir addım o vaxt effektli olur ki, vaxtında və yerində atılsın. Biz Ümid Partiyası ilə referendum ərəfəsindən əməkdaşlıq edirik. Amma indi bələdiyyə seçkilərinə az qalmış kimsə Ümid Partiyasının qarşısına belə şərt qoyur. Mən bunu düzgün hesab etmirəm. Birincisi, şərtlə müttəfiqlik olmaz. İkincisi şərt qoyulursa, qarşı tərəfin qoyduğu şərt də qəbul edilməlidir. Məsələn, İqbal Ağazadə də deyir ki, bir şərtlə bu təklifi qəbul edir ki, o da daxil olmaqla, müsavatçı deputatlar da parlamentdən imtina etsinlər. Bu, daha effektli bir addım olar. Yəni Müsavatın irəli sürdüyü təklif bu qədər mənasızdır”.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev isə bildirib ki, hərəkat daxilində bu məsələni mətbuatda müzakirə etməməklə bağlı daxili razılıq əldə olunub: “Mən daxili razılaşmanı qoruyuram. Qarşıdakı iki həftədə bu məsələ həll olunacaq”. Ə. Əliyev bu müddətdə mövqeyini mətbuata açıqlamayacağını qeyd edib.

Azərbaycan Liberal Partiyasının (ALP) sədr əvəzi Əvəz Temirxan isə kompromisin tərəfdarıdır. Onun sözlərinə görə, hər iki partiya nə seçki komissiyalarından, nə də mandatdan birdəfəlik imtina etməlidir: “Hərəkat hakimiyyət qarşısında şərt qoysun, seçki komissiyaların tərkibinin parlamentdə müzakirəsini tələb etsin. Bu şərt yerinə yetirilməyənə kimi komissiyalardakı nümayəndələr komissiyaların işində və deputatlar parlamentdə iştirakdan imtina etsinlər. Partiyalar arasındakı fərqli fikirlər isə ziddiyyətə çevrilməsin”. Ə. Temirxanın sözlərinə görə, bu şərtlərin qəbul olunması üçün hətta bələdiyyə seçkilərini boykot tələbi də irəli sürülə bilər.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sədri Həsən Kərimov isə APA-ya bildirib ki, Azərbaycanda keçirilən son referendumda Ümid Partiyasından olan bəzi komissiya üzvləri özlərini doğrultmayıblar: “Müsavat Partiyasında da bu faktlar var, ona görə də bunda təkid edir. Müsavatın bu təklifi əslində düzgündür. Ümid Partiyası ya seçki komissiyalarındakı nümayəndələrini dəyişməli, ya da hərəkatdan uzaqlaşmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR