Bank Of Baku

İqbal Ağazadə: “Müsavat Partiyasının tələbi hüquqi baxımdan da tam əsassızdır”

İqbal Ağazadə: “Müsavat Partiyasının tələbi hüquqi baxımdan da tam əsassızdır”
# 28 sentyabr 2009 09:29 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Seçki komissiyalarının üzvlərinin geri çağırılması ilə bağlı Müsavat Partiyasının irəli sürdüyü tələb hüquqi baxımdan da tam əsassızdır”. Bunu APA-ya açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə deyib. O bildirib ki, Seçki Məcəlləsinə görə, partiya üzvü seçki komissiyasının üzvü olarkən partiyadan istefa verir. Bunu əsas gətirən İ. Ağazadə hazırda Ümid Partiyasının seçki komissiyalarındakı təmsilçilərinin heç birinin bu partiyanın üzvü olmadığını deyib: “Ona görə də onları hansısa formada seçki komissiyalarından geri çağırmaq mexanizmini tapmaq qeyri-mümkündür. Biz tutaq ki, qərar qəbul etdik. Bu, rəmzi xarakter daşıyacaq. Bizim onsuz da hüquqi baxımdan seçki komissiyalarında üzvümüz yoxdur. Ona görə də bu tələb məntiqdən uzaqdır”.

İ. Ağazadə bildirib ki, onun millət vəkillərinin geri çağırılması ilə bağlı təklifi daha məntiqli və hüquqi baxımdan mümkündür: “Millət vəkilləri rəsmi olaraq partiyanın üzvüdürlər. Belə bir qərar artıq partiyanın atdığı ciddi addım olardı”. İ. Ağazadə qeyd edib ki, Müsavatın iddialarından əl çəkməsinin və müxalifətin seçkiyə birgə getməsinin tərəfdarıdır: “Azərbaycan Demokrat Partiyası doğru olanı müdafiə edir. Digər partiyalar da eyni mövqedədir. Düzdür, AXCP Ali Məclisinin sədri Həsən Kərimov əvvəl fərqli mövqe ortaya qoymuşdu, amma sonra onlar da mövqelərində müəyyən dəyişikliklər etdilər. Məsələn, iddia edirlər ki, Ümid Partiyasının seçki komissiyalarındakı nümayəndələri özlərini doğrultmayıblar. MSK üzvü Akif Qurbanov referendumun nəticələrinə qol çəkməyib. Bəyəm özünü doğrultmaq üçün o özünü asmalı idi?”

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə APA-ya bildirib ki, Ümid Partiyası belə bir qərar qəbul edə bilər: “Seçki komissiyalarındakı təmsilçilər bu qərarı qəbul etməsələr, bu, artıq onların problemidir. Partiya öz təmsilçilərindən imtina edə, nümayəndələrinin seçki komissiyalarında təmsil olunmadığı barədə qərar qəbul edə bilər”.

İ. Ağazadənin millət vəkillərinin geri çağırılması barədə təklifinə gəldikdə, A. Hacılı deyib ki, Müsavatın təklifinin mahiyyəti Ümid Partiyasının sədrinə və cəmiyyətə kifayət qədər aydındır: “Təklifimiz həm hüquqi cəhətdən, həm ədalət baxımından kifayət qədər düzgündür. Sadəcə, İqbal Ağazadə müxtəlif bəhanələrlə bu təklifin mahiyyətindən yayınmağa, həmçinin, ictimaiyyəti yayındırmağa çalışır”.

A. Hacılı Müsavat Partiyasının öz tələbində israrlı olacağını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR