Bank Of Baku

Lalə Şövkət: “Müxalifətin birliklərinin dağılmasına öyrəşmişik”

Lalə Şövkət: “Müxalifətin birliklərinin dağılmasına öyrəşmişik”
# 01 oktyabr 2009 15:34 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Biz Liberal Partiyası olaraq 2005-ci ildə həm deputat mandatından, həm də seçki komissiyalarında üzvlükdən imtina etmişik. Bunlar bir-birinə bağlı olan məsələdir. Amma bu qədər müddətdən sonra yenidən bu məsələnin üzərinə qayıtmaq yersizdir”. Bunu APA-ya açıqlamasında Milli Birlik Hərəkatının lideri Lalə Şövkət deyib. Qarabağ və Respublika Uğrunda Hərəkat daxilində Müsavat Partiyasının Ümid Partiyası qarşısında seçki komissiyalarındakı nümayəndələrini geri çağırması ilə bağlı şərt qoymasına münasibət bildirən Lalə Şövkətin sözlərinə görə, bu gün müxalifətin başqa problemləri var və həmin məsələlərlə məşğul olmaq lazımdır: “Digər tərəfdən, nümayəndələri seçki komissiyalarından geri çağırmaq mexanizmi yoxdur. Onlar partiya üzvlüyündən çıxırlar. Ona görə də bu gün bu şərtlərin yeri deyil”.

Müxalifətin vəziyyətinin ağır olduğunu söyləyən L. Şövkət hesab edir ki, hərəkatı qorumaq üçün həm Müsavat, həm də Ümid öz şərtlərindən geri çəkilməlidir: “Müxalifət daha geniş koalisiya yaratmaq barədə düşünməlidir. Amma şərtlər irəli sürüləcəksə, o zaman birlik baş tutmayacaq. Kompromis axtarmaq, birlik xətrinə kompromisə getmək lazımdır. Kim birlik tərəfdarıdırsa, o da kompromisə getməlidir”.

Kompromis olmayacağı halda hərəkatın dağılma ehtimalına isə Lalə Şövkət belə münasibət bildirib: “Dağılanda da dağılacaq. Biz öyrəşmişik. Müxalifətin bu vaxta qədər neçə-neçə birliyi dağılıb. Mən bilmirəm ki, indiki vəziyyətdə bu birliyi dağıtmaq nə qədər ağıllı addımdır. Amma bu, bizim ümumi məqsədimizə xələl gətirir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR